BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları səmimi salamlayaraq demişdir ki, bu görüş ali məktəbin tarixində əlamətdar hadisə olacaq, bolqarşünaslığın inkişafına, bütövlükdə xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə kömək edəcəkdir.
O, universitetin fəaliyyəti, burada bolqarşünaslığa böyük maraq göstərildiyi barədə danışaraq, elmi-pedaqoji səviyyənin yüksək olduğunu vurğulamışdır. Rektor demişdir: “Biz fəxrlə deyə bilərik ki, prezidentlər İlham Əliyevin və Georgi Pırvanovun uğurla həyata keçirdikləri Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafına bacardığımız qədər töhfə veririk”.
Rektor hazırda ali məktəbdə regionşünaslıq və tərcümə sahəsində ixtisaslaşan 54 bolqarşünas bakalavrın və magistrin təhsil aldığı barədə məlumat verərək, söyləmişdir ki, onlar bolqar dilini və ədəbiyyatını, habelə bu ölkənin tarixini və mədəniyyətini, etnoqrafiyasını, coğrafiyasını, ictimai təfəkkür tarixini və qanunvericiliyini öyrənirlər. Aspirant və magistrlərin Azərbaycan dilinə tərcümə etdikləri və ali məktəbin nəşriyyatında çapdan çıxmış Bolqarıstanın sabiq prezidenti, BSU-nun fəxri doktoru Jelyu Jelevin “Faşizm” kitabı, Sofiya Universitetinin rektoru Boyan Yelçiyevin əsərləri böyük maraqla qarşılanmışdır.
Hazırda BSU Bolqarıstan universitetləri ilə sıx əlaqələr saxlayır, müəllim və tələbələrini təcrübə keçməyə göndərir.
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Georgi Pirinski, səmimi qəbula görə dərin minnətdarlığını bildirərək, Azərbaycan torpağında keçirdiyi görüşlərdən danışmışdır. O, tələbələrin böyük əksəriyyətinin bolqar dilini seçməsindən məmnun qaldığını bildirmişdir.
Qonaq ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu vurğulayaraq universitetə uğurlar arzulamışdır.
Sonda BSU-nun bolqarşünaslıq bölməsi tələbələrinin konserti olmuşdur.