Bakı Slavyan Universitetində QİÇS-lə bağlı maarifləndirmə aksiyası
Bakı, 25 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Noyabrın 21-dən 28-dək Avropa insanın immunçatışmazlığı virusuna (İİV) müayinə həftəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, həftə çərçivəsində noyabrın 25-də Bakı Slavyan Universitetində (BSU) Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə təşkilatçılığı ilə “Sağlamlığımızı və gələcəyimizi qoruyaq!” şüarı altında aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, UNİCEF-in Azərbaycandakı nümayəndəsinin müavini Nafisa Binte Shafique bildirib ki, Azərbaycanda ilk dəfə gənclər arasında ağız suyu vasitəsilə ekspress testlərlə İİV müayinəsi təşkil olunur. Artıq aksiya müxtəlif ali təhsil müəssisələrində, ticarət mərkəzlərində keçirilib və bundan sonra da davam etdiriləcək. Aksiyanın məqsədi Avropada, o cümlədən Azərbaycanda İİV infeksiyasına yoluxmuş insanların aşkar edilməsi, bu infeksiyadan qorunmaq üçün sadə, asan və effektli diaqnostika metodu olan testin təbliği, bu virusun gec aşkarlanmasının qarşının alınması, insanlar arasında İİV-ə yoluxma yolları və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılmasıdır.
Qeyd edilib ki, bu virus uzun illər boyu özünü göstərməyə bilər, buna görə də yoluxmuş insanların çoxu diaqnoz haqda çox gec xəbər tutur. Halbuki, gec diaqnostika bu xəstəlikdən ölüm hallarını artırır. İİV-in ilkin diaqnostikası üçün ən yaxşı metod ekspress-testdir. Bu metodla 15-20 dəqiqə ərzində insanın İİV-infeksiya daşıyıcısı olub-olmadığını müəyyənləşdirmək mümkündür.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova bildirib ki, Azərbaycanda bu virusa yoluxanlar dünya ölkələri ilə müqayisədə azlıq təşkil etsə də dövlət bu xəstəliklə mübarizə istiqamətində məqsədyönlü tədbirləri hər il davam etdirir. Səhiyyə Nazirliyi tərəfindən QİÇS-lə bağlı məsləhət və müayinə məntəqələri yaradılıb.
Aksiya çərçivəsində BSU-nun tələbələri könüllülük prinsipi əsasında müayinə olunublar. Bu infeksiya ilə bağlı dünyada və Azərbaycanda epidemioloji vəziyyəti əks etdirən materiallar xüsusi stenddə yerləşdirilib. Həmçinin İİV virusu və ondan qorunmağın əsas yolları ilə bağlı təqdimatlar olub, kitabça və bukletlər paylanıb.