BAKI-SUMQAYIT YOLUNDA ƏSASLI TƏMİR-TİKİNTİ İŞLƏRİ DAVAM ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, ölkədə yol-nəqliyyat kompleksinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində Bakı-Sumqayıt yolunda da təmir və yenidənqurma işləri davam etdirilir.
Əsaslı təmir prosesini sürətləndirmək məqsədi ilə burada işlər fasiləsiz aparılır, 3 növbəli iş rejimi tətbiq edilir. Şose ilə bərabər yolun üzərindən keçən Şamaxı, köhnə Xırdalan və Biləcəri dəmir yol körpülərində də əsaslı yenidənqurma işləri aparılır.
İkitərəfli avtomobil yolunun paytaxtdan çıxan hissəsində işlər artıq yekunlaşmışdır. Burada asfalt örtük təzələnmiş, istinad divarlarının çox hissəsi artıq hazır vəziyyətdədir. Gecə vaxtı təhlükəsizliyi təmin etmək üçün şose boyu işıqsaçan xüsusi plastik işarələr quraşdırılmışdır. Qarşı yolda isə istinad divarının tikintisi başa çatdıqdan sonra yola asfalt döşənəcəkdir.
Paytaxtın şimal qapısının əsas qovşaqlarından olan Xırdalan dairəsində də yeni körpünün və tunelin inşası davam etdirilir. Yerli mütəxəssislərlə yanaşı gürcüstanlı və türkiyəli inşaatçıların da cəlb edildiyi tikinti işlərində indiyədək svayların 60 faizdən çoxu vurulmuşdur. 50 metrlik tunelin qazma işləri də yekunlaşmışdır.
Ümumilikdə işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Yolun müasir standartlara tam uyğunlaşdırılması sürücülərin rahatlığını təmin etməklə yanaşı, sentyabrda istifadəyə verilməsi planlaşdırılan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində xidmətin təşkilinə də mühüm təsir göstərəcəkdir.