Bakı WUF13-də zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim edəcək VİDEO
Bakı, 15 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı artıq 50 ildən çoxdur ki, məskunlaşma və şəhərlərin inkişafı məsələlərini diqqət mərkəzində saxlayır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi isə çox uğurlu qərardır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Bakının şəhərsalma problemlərinin həlli, şəhərlərin inkişafı və mənzil siyasətinin həyata keçirilməsi sahəsində böyük təcrübəsi var: “Vətən müharibəsində qazanılan böyük Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma işləri yalnız insanların yaşayışla təmin olunmasına xidmət etmir. Bu fəaliyyət eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda tamamilə yeni, müasir həyat mühitinin formalaşdırılmasına yönəlib.
Bu baxımdan Azərbaycanın WUF13-də dünya ictimaiyyətinə təqdim edəcəyi zəngin təcrübəsi və mühüm nailiyyətləri var. Biz bu təcrübəni və əldə olunan nəticələri beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Çünki inkişaf prosesi heç vaxt dayanmır”.
Rektor qeyd edib ki, müasir şəhərlərin qurulması yalnız urbanistlərin, memarların və ya inşaatçıların fəaliyyəti ilə məhdudlaşmır: “Bu prosesdə ekoloqların, mühəndislərin, siyasətçilərin, sosioloqların və digər sahələrin mütəxəssislərinin xüsusi rolu var. Bu gün İT texnologiyaları və rəqəmsallaşma da şəhər inkişafında mühüm yer tutur. Universitetlərin qarşısında duran əsas vəzifələrdən biri interdisiplinar proqramların yaradılması və daha geniş profilli mütəxəssislərin hazırlanmasıdır. Eyni zamanda, elmi-tədqiqatlarda da əməkdaşlıq və inteqrasiya mühüm nəticələr verə bilər. Memarlıq ekologiya ilə, şəhərsalma sosiologiya ilə, konstruktiv dayanıqlıq tətbiqi riyaziyyatla birgə araşdırılmalıdır. İT texnologiyaları isə demək olar ki, bütün sahələrdə və istiqamətlərdə tətbiq olunmalı və öz töhfəsini verməlidir”.