Bakı Xoreoqrafiya Akademiyası: onlayn kollokviumlar təşkil olunub
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan ərazisində koronavirus (COVID-19) infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimini nəzərə alaraq, Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsi martın 11-dən ali təhsilin bakalavriat səviyyəsi üzrə başlanan onlayn və videodərsləri daha geniş şəkildə və tədris planına uyğun davam etdirir. Eyni zamanda, onlayn kollokviumlar təşkil olunub, tələbələrin qiymətləndirilməsi aparılıb.
Bakı Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, dərslərin keçirilməsinə və keyfiyyətinə mütəmadi olaraq fakültə dekanı tərəfindən nəzarət edilir və həftəsonu akademiya rəhbərliyinə hesabat verilir. İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi real iş vaxtı rejimində dərslərin keyfiyyət və çevikliyinin təmin edilməsi məqsədilə müəyyən təlimatlar, metodiki göstərişlər və proqram təminatı ilə bağlı məsləhət xarakterli videogörüşlər keçirir, nümunəvi dərsləri ali təhsil müəssisəsinin rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsində yerləşdirir. Belə ki, İncəsənət fakültəsi üzrə həm nəzəri, həm də ixtisas fənlərindən davamlı olaraq 60-dan çox dərs təşkil olunub, mühazirələr tələbələrin elektron poçt ünvanlarına göndərilib.
Qeyd edək ki, distant şəkildə təşkil olunan dərslərin tədris ilinin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.