Bakı Xoreoqrafiya Akademiyasının “Biz varıq və biz birlikdəyik” layihəsinin növbəti təqdimatı
Bakı, 7 may, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” layihəsi uğurlu təqdimatları ilə əhatə etdiyi izləyici auditoriyasının genişlənməsinə müvəffəq olub. Aprelin 15-dən start verilən layihə çərçivəsində təqdim olunan mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini özündə ehtiva edir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Baletmeyster sənəti kafedrasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimovanın təqdimatında Lüdviq Minkusun “Don Kixot” baletindən danışılıb.
C.Kərimova təqdimatını əsasən həmin baletdə ifa etdiyi və məharətlə canlandırdığı Kitri obrazı ətrafında qurub. Obrazın əhatəli təhlili səhnə hərəkətləri və bədii ifadələrlə müşayiət olunub. Vurğulanıb ki, parlaq, möhtəşəm və yaddaqalan olduğuna görə Kitri obrazında çıxış etmək klassik rəqs və balet üzrə təhsil alan bütün qızların ən böyük arzusudur.
Təqdimatın sonunda Cəmilə Kərimovanın ifasında “Don Kixot” tamaşasından variasiya nümayiş olunub.
Qeyd edək ki, layihə çərçivəsində hər iş günü ərzində bir pedaqoq və ya doktorantın elmi-yaradıcılıq işi Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində təqdim olunur. İstirahət günləri isə akademiyanın həyata keçirdiyi yaradıcılıq layihələrindən parçalar virtual efirə verilir.