BAKIDA ARIÇILIQ MƏHSULLARININ NÖVBƏTİ RESPUBLİKA SƏRGİ-SATIŞ YARMARKASI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də Bakıda dənizkənarı Milli Parkda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev çıxış edərək bildirmişdir ki, sərginin məqsədi arıçılığı təbliğ etmək, müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının diqqətini sahənin inkişafının vacibliyinə yönəltmək, arıçıları maarifləndirməkdir. Sahənin inkişafının dövlətin diqqət mərkəzində olduğunu vurğulayan B.Əliyev nazirliyin arıçılara dəstəyini əsirgəmədiyini söyləmişdir.
Sahənin inkişafı ilə əlaqədar bir sıra layihələrin reallaşdırıldığını qeyd edən Bəhram Əliyev məlumat vermişdir ki, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) köməyi ilə 300-dən artıq müxtəlif təyinatlı təsərrüfat yaradılmışdır. Onların 21-i arıçılıq üzrə damazlıq təsərrüfatıdır. Bundan əlavə, Milli Məclisin aqrar siyasət daimi komissiyasında “Arıçılıq haqqında” qanun layihəsi hazırlanmış və birinci oxunuş üçün parlamentin müzakirəsinə tövsiyə olunmuşdur. Qanun layihəsi arıçılıqda damazlıq işinin yaxşılaşdırılmasını, yerli arı cinslərinin qorunması və təkmilləşdirilməsini, yüksək məhsuldarlığı olan bal arıları cinslərinin yetişdirilməsini nəzərdə tutur.
Sərgi-satış yarmarkasının yeddinci ildir ki, keçirildiyini qeyd edən nazir müavini builki tədbirə 55-dən artıq şəhər və rayondan 300-dən çox arıçının gəldiyini bildirmişdir. Satışa 300 tondan artıq bal, 10 kiloqram arı tozu, 5 kiloqram arı südü çıxarıldığı diqqətə çatdırılmışdır.
Sonra Bəhram Əliyev sərgi-satış yarmarkasına Naxçıvan Muxtar Respublikasından, Balakən, Masallı, Zaqatala, Daşkəsən, Astara, İsmayıllı, Qax, Ağdaş, Saatlı və digər rayonlardan gətirilmiş arıçılıq məhsulları ilə tanış olmuşdur.
Oktyabrın 30-dək davam edəcək tədbir çərçivəsində damazlıq işlərinin təşkili və mütərəqqi arıçılığın inkişaf etdirilməsi, arılar arasında ən çox yayılmış xəstəliklər və onlara qarşı mübarizə mövzularında söhbətlər, alim və mütəxəssislərin iştirakı ilə elmi-praktik konfrans, yüksək keyfiyyətli bal istehsalı ilə bağlı diskussiya keçiriləcəkdir.
######
![]() |
![]() |

