BAKIDA ARIÇILIQ MƏHSULLARININ NÖVBƏTİ SƏRGİ-SATIŞ YARMARKASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-dən 30-dək dənizkənarı Milli Parkda davam etmiş arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası başa çatmışdır.
Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov demişdir ki, builki tədbirdə 51 şəhər və rayondan 431 arıçı iştirak etmişdir. Yarmarkanın keçirildiyi bir həftə ərzində bu rəqəmlər daim dəyişirdi, çünki hər gün əlavə arıçılar gəlirdilər. Yarmarkada respublikanın bütün rayonlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının arıçıları təmsil olunmuşdu. Sərgini paytaxtın 15 minə yaxın sakini, eləcə də xarici qonaqlar ziyarət etmişlər. Bu bir həftədə 300 tondan çox bal, 20 kiloqramdan artıq arı südü və 40 kiloqramdan çox çiçək tozu satılmışdır.
Yarmarkada arıçılar bir-biri ilə tanış olmuş, təcrübə mübadiləsi aparılmış, oktyabrın 27-də isə elmi-praktiki konfrans keçirilmişdir. Konfransda arıçılıq xəstəliklərinə qarşı mübarizə tədbirləri, damazlıq işinin təşkili, ən vacibi isə, arıçılıq məhsulları istehsalının artırılması yolları geniş müzakirə olunmuşdur. Tədbirdə arıçılıqla yeni məşğul olmağa başlamış 38 nəfər iştirak etmişdir. Konfransın onlar üçün böyük əhəmiyyəti olmuşdur. Sumqayıtdan gəlmiş arıçılar belə bir sərgi-satış yarmarkasının onların şəhərində də keçirilməsini təklif etmişlər.
Tədbiri keçirməkdə məqsədimiz bal satmaq yox, - arıçılığı inkişaf etdirmək yollarını axtarmaq, arıçılığın şöhrətini artırmaq, paytaxtımızın əhalisinə yüksək keyfiyyətli Azərbaycan balını dadızdırmaq, bütün dərmanların şahı olan balın möcüzəli xüsusiyyətləri barədə bilikləri artırmaq, qabaqcıl təcrübənin tətbiqi sahəsində müəyyən iş görmək idi.
Ç.Fərəcovun sözlərinə görə, sərginin işində bəzi qüsurlar da olmuşdur. Daşkəsən və Gədəbəy rayonlarından gəlmiş bəzi şəxslər arıçılıqla məşğul olmasalar da, burada bal satmışlar. Yarmarkada satılan bütün məhsulların keyfiyyəti Dövlət Baytarlıq Xidmətinin laboratoriyasında yoxlanılmışdır. Saxtakarlığa yol verən, keyfiyyətsiz bal satan 5 nəfər sərgidən uzaqlaşdırılmışdır. Xatırladım ki, Milli Məclisin aqrar siyasət daimi komissiyasında “Arıçılıq haqqında” qanun layihəsi hazırlanmış və birinci oxunuş üçün parlamentin müzakirəsinə tövsiyə olunmuşdur. Layihədə arıçıların ürəyindən olan bir xüsusi maddə də vardır: saxtakarlığa yol vermiş adamlar cəzalandırılacaqlar. Bu 7 gün arıçıların əsl bayramına çevrilmişdir. Təbiət də bizə kömək etdi. Açıq havada keçirilmiş tədbir zamanı demək olar ki, bir gün də yağış yağmadı. Alıcılar buradan razı getmişlər. Çalışmışıq ki, hamı buradan özünə ekoloji cəhətdən təmiz, keyfiyyətli bal alsın. Əminəm ki, buna da nail olmuşuq.