BAKIDA ARIÇILIQ MƏHSULLARININ SATIŞ-SƏRGİ YARMARKASI DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, dənizkənarı Milli Parkda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası oktyabrın 25-də öz işini davam etdirmişdir. Tədbirdə 55-dən artıq şəhər və rayondan 300-dən çox arıçı iştirak edir.
Astara rayonunun Miki kəndinin sakini, nəsillikcə arıçı olan Şəhriyar Hüseynov bildirmişdir ki, kəndimiz arıçılığın inkişafı üçün çox yararlıdır. Təsərrüfatımızda 120 arı ailəsi bəsləyirik. Arıların sağlam, gümrah olması və çiçəyə vaxtında getməsi üçün hər cür şəraitimiz vardır. Arı halallığı sevir. Məhsuluna haram qatdınsa, ondan xeyir gözləmə. Balın keyfiyyəti arının çəkdiyi çiçəkdən asılıdır. Bal həmin çiçəyin dadını, rəngini, iyini verməlidir. Təbii bal 1001 dərdin dərmanıdır. İnsan sağlam olmaq üçün hər gün 100-200 qram bal yeməlidir. Hər bir çiçəyin insan orqanizmi üçün müəyyən müalicəvi əhəmiyyəti vardır. Məsələn, cökə balı ürək-damar xəstəliklərinə olduqca xeyirlidir. Həm də qaraciyərin fəaliyyətini tənzimləyir. Bunu özüm təcrübədən keçirmişəm. Dağ çiçəklərinin balı isə uşaqların sümüyünü bərkidir, zehnin inkişafında əvəzsizdir. Təmiz bal uşaqların fiziki cəhətdən sağlam və gümrah böyüməsinə kömək edir. Sərgiyə 200 kiloqram bal gətirmişəm, artıq xeyli hissəsini satmışam. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş əvvəlki satış-sərgi yarmarkaların hamısında iştirak etmişəm. Sərginin fəxri üzvüyəm.
Arıçılığın inkişafının qarşısında duran problemləri diqqətə çatdıran Ş.Hüseynov bildirmişdir ki, arıçı məhsulunu istədiyi qiymətə və vaxtında sata bilmirsə, zəhmətinin bəhrəsini görmürsə, həvəsdən düşə bilər. Azərbaycanda balın ayrıca daimi satış yerləri təşkil edilsəydi, yaxşı olardı. Onu da deyim ki, hazırda təmiz balı tanıyanlar olduqca azdır.
Olqa Miloserdova Zaqatala şəhərindən gəlmişdir. Deyir ki, həyat yoldaşı peşəkar arıçıdır. 30 ildən yuxarıdır bu işlə məşğul olur.
Olqa xanım ixtisasca mühasib olsa da, gəlin getdiyi vaxtdan arıçılıq peşəsini sevmişdir. Hazırda pensiyaçıdır. Bildirir ki, yayda arıları Qax rayonuna, Alazan vadisinə daşıyırıq, burada müxtəlif güllərin balını çəkirik. Sonra isə pətəkləri dağlara qaldırırıq. Orada cökə ağacları olduqca coxdur. Məhsullarımız göz qabağındadır. Balın bütün növlərinə keyfiyyət sertifikatları almışıq. Yarmarkaya beşinci ildir gəlirəm. Artıq daimi müştərilərim də vardır. Onlar balı ancaq məndən alırlar, təşəkkürlərini bildirirlər. Builki tədbirə 200 kiloqram bal gətirmişəm və yarmarkanın birinci günü artıq 150 kiloqramını satmışam.
Mahir Qurbanov isə Göyçay rayonunın Potu kəndindəndir. Arıçılar nəslindəndir. Özü də artıq 25 ildir bu peşə ilə məşğuldur. Çalışır ki, çəkdiyi zəhmət halal, təmiz olsun. Arı pətəklərini saxladığı yerlər Göyçay dağları, İsmayıllı yaylaqlarıdır. Bildirdiyinə görə, 50-60 arı ailəsinə qulluq edir. Şəraitdən asılı olaraq hər arı ailəsindən ildə orta hesabla 10-15 kiloqram məhsul götürür. Satış sərgisinə gətirdiyi məhsulun təxminən yarısını artıq satmışdır. Alıcılar yaşına, ağsaqqallığına, mehriban davranışına görə Mahir Qurbanovun balını həvəslə alırdılar. Sonda dedi ki, mən də insanların bu etibarını itirmək istəmirəm.
Satış-sərgi yarmarkası oktyabrın 30-dək davam edəcəkdir.