BAKIDA ARIÇILIQ MƏHSULLARININ SATIŞ-SƏRGİ YARMARKASI DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Bakının dənizkənarı Milli Parkında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası öz işini davam etdirir. Tədbirdə 55-dən çox şəhər və rayondan 300-dən artıq arıçı iştirak edir. Yarmarkada hər gün xeyli məhsul satılır.
Yarmarkada ilk dəfə iştirak edən daşkəsənli Bəndər Əsgərov arıçılığın dədə-baba peşəsi olduğunu söyləyir. Özü 20 ildir ki arıçılıqla məşğuldur. Deyir ki, arı körpə uşaq kimi çox zərif olduğundan, əsas şərtlərdən biri onunla davranış qaydalarına dəqiq əməl etməkdir. Bütün bu qaydaları atası ona səbir və təmkinlə öyrətmişdir. Sərgi-satış yarmarkasının təşkilindən razıdır. Bakıda havaların əsasən xoş keçməsi alıcıların yarmarkaya gəlişini artırmışdır. Məhsulunun təmizliyinə cavabdehdir.
Sonra bildirir ki, məşğul olduğu iş həm nəcibdir, həm də halallıq tələb edir. Tədbirə 200 kiloqram bal gətirmişdir və təxminən yarısını artıq satmışdır.
Arı yapışqanının (propolis) müalicəvi əhəmiyyətindən danışan B.Əsgərov onun mədə və bağırsaq sistemində olan yaraların sağalmasına yaxşı kömək etdiyini deyir.
Sərgi-satış yarmarkası oktyabrın 30-dək davam edəcəkdir.
Sərgi çərçivəsində arı ailələrinin qışa hazırlanması, damazlıq işlərinin təşkili, xəstəliklərə qarşı mübarizə mövzularında söhbətlər, arıçılığa dair müsabiqə, alim və mütəxəssislərin iştirakı ilə elmi-praktiki konfrans, keyfiyyətli bal istehsalı ilə bağlı diskussiya da nəzərdə tutulmuşdur.