BAKIDA “AZƏRBAYCAN: SİVİLİZASİYALARARASI DİALOQUN KEÇMİŞİ VƏ BU GÜNÜ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
X X X
Konfrans başlanmazdan əvvəl iştirakçılar Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dünyamiqyaslı siyasi və dövlət xadiminin əziz xatirəsini ehtiramla anaraq, abidəsi önünə tər qərənfillər düzmüşlər.
X X X
Daha sonra qonaqlar Heydər Əliyev Fondu ilə tanış olmuşlar.
Fondun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından qonaqları salamladı. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsəd və vəzifələri barədə məlumat verdi.
Qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurdu. Konfrans iştirakçıları keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş fotoşəkillərə, görkəmli dövlət xadiminin iş otağındakı əşyalara, valideynləri, sevimli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva və övladları ilə çəkdirdiyi fotoşəkillərə xüsusi maraqla tamaşa etdilər.
X X X
Sonra Heydər Əliyev Fondunda “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransın açılışı oldu. Konfransı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açdı.