BAKIDA “BAYTARLAR ÜÇÜN “QUŞ QRİPİ”NİN ƏSASLARI” MÖVZUSUNDA TƏLİM BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) STOP Aİ (Pandemiya və “quş qripi”nin qarşısının alınması) proqramı Bakıda “Baytarlar üçün “quş qripi”nin əsasları” mövzusunda təlim keçməyə başlamışdır.
Beş gün davam edəcək tədbirdə dövlət və özəl sektorda fəaliyyət göstərən 30-a yaxın baytarlıq üzrə mütəxəssis iştirak edir.
Seminarda “quş qripi” xəstəliyinin qarşısının alınması, xəstəlik yayıldığı təqdirdə ona qarşı cavab tədbirlərinin hazırlanması və dezinfeksiya tədbirləri ilə bağlı təlimlər keçiləcəkdir.
Tədbirdə bildirilmişdir ki, yüksək yayılmış “quş qripi”nin müəyyən olunması və onun qarşısının alınması mühüm məsələdir. Bu, həm də xəstəlik nəticəsində yaranan iqtisadi təsirləri azaldır. USAİD “quş qripi”nin qarşısının alınması proqramını həyata keçirməklə bir sıra dövlətlərə texniki yardım da göstərir.
Qeyd edilmişdir ki, Azərbaycanda “quş qripi” xəstəliyi aşkar olunmamışdır. Lakin USAİD STOP Aİ proqramı çərçivəsində Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq edir. Eyni zamanda, “quş qripi ” təhlükəsinə qarşı təlim keçən baytarlardan ibarət komanda da yaradılmışdır.
Ötən il USAİD Azərbaycanın Səhiyyə Nazirliyini və Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətini 4.500 fərdi mühafizə vasitələri və 40 dezinfeksiya dəsti ilə təmin etmişdir.