BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ START GÖTÜRMÜŞDÜR
Bakı, 13 noyabr (AZƏRTAC). “Bakı” Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 16-cı Azərbaycan birinciliyinin açılış mərasimi olmuşdur.
Birincilikdə Bolqarıstandan Stelana Yankova, Anastasiya Kisse, Siyana Vasileva, Azərbaycandan Fəridə Bağırova (Spartak), Esmira Orucova (Respublika kompleks idman məktəbi) və Səidə Abdullayeva (Bakı gimnastika məktəbi) müsabiqədənkənar iştirak edirlər. Gimnastlar əsas mükafatla yanaşı, Azərbaycan Gimnastika Federasiyasının mükafatları uğrunda da mübarizə aparırlar.
Gənclər və İdman Nazirliyi (GİN) idman şöbəsinin baş məsləhətçisi Rafiq Rzayev çıxış edərək bildirmişdir ki, Azərbaycanda bədii gimnastika sürətlə inkişaf edir. Ölkəmizdə idmana göstərilən diqqətdən bəhs edən R.Rzayev gimnastikanın Azərbaycanda son illər inkişafının yüksək mərhələsinə qədəm qoyduğunu söyləmişdir. GİN-in baş məsləhətçisi Azərbaycan gimnastlarının beynəlxalq turnirlərdə, habelə, Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil etdiklərini vurğulamışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra birincilik açıq elan olunmuşdur.
Yarışda 82 gənc gimnast iştirak edir. Ən aşağı yaş qrupundan olan uşaqlar 2 proqram üzrə - alətsiz və iplə mübarizə aparırlar. 1995-1997-ci il təvəllüdlü yeniyetmələr isə ip, halqa, gürz və topla çıxış edirlər. Onlar Bakı gimnastika məktəbini, Respublika Kompleks İdman Məktəbini və “Təhsil”, “Neftçi”, “Spartak”, “Sərhədçi” idman cəmiyyətlərini təmsil edirlər.
Yarışlar beş yaş qrupunda keçirilir. Noyabrın 13-də 1999-2001-ci illərdə anadan olmuş gimnastlar xalça üzərinə çıxmışlar. Növbəti günlər isə 1995-1997 və 1998-ci il təvəllüdlü idmançılar çıxış edəcəklər.
Birincilikdə bakılı qızlarla yanaşı, müsabiqədənkənar qaydada Gəncə idmançıları da iştirak edirlər.
Birincilik noyabrın 15-də başa çatacaqdır.
######
