BAKIDA “BEYNƏLXALQ AŞKARETMƏ VƏ RİSKİN İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tədbiri açaraq ABŞ mütəxəssisləri ilə birlikdə keçirilən seminarın əhəmiyyətini vurğulamış və diqqətə çatdırmışdır ki, risklərin müəyyənləşdirilməsi hər bir ölkənin gömrük xidmətinin həssaslıqla yanaşdığı əsas məsələlərdən biridir. Bu işə iki istiqamətdə yanaşmağın məqsədəmüvafiq olduğunu söyləyən DGK rəsmisi qeyd etmişdir ki, birinci istiqamət fiskal siyasətin yerinə yetirilməsində əhəmiyyətlidir, ikinci istiqamət isə narkotik vasitələrə qarşı mübarizədə məlumat bazasının formalaşmasına kömək edir.
Səfər Mehdiyev xatırlatmışdır ki, Azərbaycanın ABŞ və Avropa ölkələri ilə əlaqələrini inkişaf etdirməsi onların gömrük orqanlarının qarşılıqlı əməkdaşlığına təkan vermişdir. Azərbaycanın gömrük xidməti Ümumdünya Gömrük Təşkilatı və Avropa Gömrük Birliyi ilə sıx münasibətlər qurmuşdur. ABŞ Gömrük Xidmətinin nümayəndəsi Ceki Ramsey ötən əsrin 70-ci illərinin sonlarında öz ölkəsində narkotik qaçaqmalçılığına qarşı kəskin mübarizə aparıldığını xatırlatmış, bu gün isə ABŞ-da və bütün dünyada ən böyük problemin terrorizm olduğunu bildirmişdir. Qonaq ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıq etməsindən məmnun olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, seminarda ekspertlər öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər. Bu iş perspektivdə daha geniş proqramla əhatə olunacaqdır. Digər ekspert Maykl T.Çandarlis bildirmişdir ki, onlar həm öz təcrübələrini bölüşmək, həm də azərbaycanlı həmkarlarının iş metodu ilə yaxından tanış olmaq niyyətindədirlər.
Seminar dekabrın 6-dək davam edəcəkdir.