İQTİSADİYYAT
Bakıda Beynəlxalq Asteroid Günü qeyd ediləcək
Bakı, 20 iyun, AZƏRTAC
KATV1 və “Discovery Science” telekanalı Beynəlxalq Asteroid Gününü qeyd edəcəklər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu təşəbbüsün mahiyyəti diqqəti asteroid təhlükəsinə cəlb etməkdən ibarətdir. Bu il Azərbaycan tamaşaçıları da bayram tədbirlərində iştirak edərək “Discovery Science” telekanalında efirə gedən Kainat haqqındakı elmi-kütləvi proqramları izləyəcəklər.
Bununla bağlı, iyunun 30-da “Park Bulvar” TM-də yerləşən N.Tusi adına planetariumda “Açıq qapı” günü təşkil olunacaq. Həmin gün planetariumda kosmos haqqında maraqlı sənədli və cizgi filmləri nümayiş olunacaq, müxtəlif dillərdə əyləncəli şou-proqramlar təşkil ediləcək. Azərbaycan tamaşaçıları, həmçinin beynəlxalq “Discovery Science” müsabiqəsində də iştirak edə biləcəklər. Müsabiqənin qalibi Amsterdamda yerləşən Avropa Kosmik Agentliyinə səfər etmək imkanı qazanacaq. Mükafat uğrunda mübarizəyə qoşulmaq üçün iyunun 30-dək asteroid haqqında 5 suala düzgün cavab vermək və http://www.yourdiscoveryscience.com saytındakı anketi doldurmaq lazımdır. Bundan əlavə, KATV1-in rəsmi “Facebook” səhifəsində “Yer kürəsi asteroidlə toqquşarsa nə edərsiniz?” mövzusunda hekayə müsabiqəsinə də start veriləcək. Ən yaxşı hekayə müəlliflərinə təşkilatçılar tərəfindən mükafatlar veriləcək.