MƏDƏNİYYƏT
BAKIDA BEYNƏLXALQ MİLLİ MUSİQİ FESTİVALI BAŞLANMIŞDIR
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında beynəlxalq milli musiqi festivalının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək, bildirdi ki, bu mühüm mədəni hadisə ölkəmizin incəsənət xadimləri ilə onların əcnəbi həmkarları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir.
Festivalda Azərbaycan dövlət xor kapellası, Qara Qarayev adına dövlət kamera orkestri, Rəşid Behbudov adına dövlət mahnı teatrının, dövlət mahnı və rəqs, xalq çalğı alətləri ansambllarının artistləri, habelə Çili, Ekvador, Almaniya, Fransa və başqa dövlətlərdən gəlmiş musiqi kollektivləri iştirak edirlər.
Latın Amerikası ölkələrinin musiqiçiləri festivalın açılış mərasimində çıxış edərək, festivalın əcnəbi iştirakçılarına göstərdikləri qonaqpərvərliyə görə tamaşaçılara, habelə bütün Azərbaycan xalqına təşəkkürlərini bildirdilər.
Festival oktyabrın 5-dək davam edəcəkdir.