CƏMİYYƏT
Bakıda Beynəlxalq Qalxanabənzər Vəzi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Bakı, 24 may (AZƏRTAC). Milli Onkologiya Mərkəzinin və Respublika Endokrinoloji Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Qalxanabənzər Vəzi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Əməkdar Elm Xadimi Rafiq Məmmədhəsənov ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatlarından, səhiyyə sisteminin müasirləşdirilməsi və yüksək texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təminatı istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, son illər ərzində Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına uyğun olaraq ölkədə 500-dən artıq yeni tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmişdir.
Baş endokrinoloq, həmçinin ayrı-ayrı xəstəliklərin müayinə, müalicə və profilaktikası sahəsində əldə olunan uğurlardan, eləcə də qalxanabənzər vəzi xəstəliklərinin müalicəsində tətbiq olunan yeniliklərdən söz açmışdır.
Qeyd olunmuşdur ki, bu xəstəlik bütün dünyada şəkərli diabetdən sonra ən geniş yayılan xəstəliklərdən biridir. Respublikamızda qalxanabənzər vəzi xəstəlikləri əsasən dağlıq ərazilərdə, xüsusən Balakən, Şəki, Zaqatala və digər bölgələrdə daha geniş yayılmışdır ki, bu da yod çatışmazlığı ilə bağlıdır.
Sonra Ukrayna Endokrinologiya və Maddələr Mübadiləsi İnstitutunun şöbə rəhbəri Valeri Oleynik “Qalxanabənzər vəzinin xərçəngi” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Konfransda çıxış edən Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov və başqaları qalxanabənzər vəzi xəstəliklərinin müayinə və müalicəsi, profilaktikası istiqamətində tətbiq edilən müasir metodlardan danışmışlar.
Konfrans işini müzakirələrlə davam etdirmişdir.