CƏMİYYƏT
Bakıda “Endoskopik və robotik cərrahiyyə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC, Əziz Məmmədov). Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Endoskopik və robotik cərrahiyyə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, elmi forumu ATU, İstanbul Bilim Universiteti, Baku City Hospital və Türkiyə Florence Nightingale xəstəxanalar qrupu təşkil etmişlər.
Konfransın təşkilat komitəsinin sədri, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bildirmişdir ki, 1992-ci il fevralın 28-də Azərbaycan Təhsil Nazirliyi və Türkiyə Milli Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. Bu 22 ildə böyük uğurlar, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq məsələlərində uğurlar əldə olunmuşdur.
İstanbul Bilim Universitetinin rektoru, professor Çavlan Çiftçi başçılıq etdiyi tibb müəssisəsinin yaradılması tarixindən ətraflı söz açaraq bildirmişdir ki, universitetin əsası 2006-cı il martın 28-də Türkiyə Kardiologiya Fondu tərəfindən qoyulmuşdur. Ali məktəbdə 7 bölmə, o cümlədən tibb, humanitar elmlər fakültələri, Tibb Elmləri İnstitutu, Florence Nightingale xəstəxanasının Ali Tibb Bacısı Məktəbi və s. fəaliyyət göstərir.
Sonra Azərbaycan və Türkiyə mütəxəssisləri endoskopik və robotik cərrahiyyə mövzularında məruzələrlə çıxış etmişlər. Professor İlkkan Dünderin “Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin yeri” və professor Sümer Yamanerin “Laparoskopik kolorektal cərrahiyyə” mövzusunda məruzələri xüsusi maraqla qarşılanmışdır.
Konfransın sonunda ATU və İstanbul Bilim Universiteti arasında qarşılıqlı anlaşma və əməkdaşlığın genişləndirilməsi barədə Memorandum imzalanmışdır.
İmzalanmış sənədə müvafiq olaraq təcrübə, habelə tələbə və mütəxəssis mübadiləsi nəzərdə tutulmuşdur.