Bakıda gənclərin sağlamlığının müdafiəsinə həsr olunmuş forum keçirilib
Bakı, 1 dekabr, Təranə Nəcəfova, AZƏRTAC
Dekabrın 1-də “Four Seasons” otelində sağlamlıq məsələlərinə həsr olunmuş gənclər forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, “Sağlam ailə” klinikasının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə dəstəyi ilə keçirilən forum gənclərin sağlamlığı məsələlərinə diqqəti gücləndirmək, sağlam həyat tərzinin təbliğ edilməsi yolu ilə ictimai səhiyyə siyasətini dəstəkləmək, yeni təşəbbüslərin formalaşmasına və əməkdaşlığın daha da inkişaf etdirilməsinə şərait yaratmaq məqsədi daşıyıb.
Azərbaycan Respublikasının Dövlət himni səslənəndən sonra forum açıq elan olunub.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək forumun əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda həyata keçirilən gənclər siyasətindən və ictimai səhiyyənin inkişafından söz açıb. Bildirilib ki, gənclərin sağlamlığının müdafiəsi müasir dövrün aktual məsələsidir və bu problemə daha çox diqqət yetirmək lazımdır. Müvafiq strukturlar bu istiqamətdə gənclərlə əməkdaşlıq etməlidirlər.
Forumda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Mili Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, beynəlxalq və respublika gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxış edənlər vurğulayıblar ki, ictimai səhiyyənin inkişafı dövlətimizin başçısı İlham Əliyevin sosial siyasətinin bariz nümunələrindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bu sahədə əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlər qəbul edilib, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib.
Vurğulanıb ki, hazırda ölkəmizdə gənclərin sağlamlığının müdafiəsi üzrə işlər müvəffəqiyyətlə davam etdirilir, sağlam həyat tərzinin təbliği, gənclərin sağlam ruhda tərbiyə olunması, onların siqaret, alkoqol, narkomaniya və s. zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarında idman-sağlamlıq və yaradıcılıq fəaliyyətinin genişləndirilməsi üzrə maarifçilik və profilaktiki tədbirlər həyata keçirilir.
Natiqlər bildiriblər ki, bu məsələ gənc nəslin gələcəyinə birbaşa aiddir və xalqımızın nəcib dəyərlərinin varisliyinin təmin edilməsində əhəmiyyətli amildir.
Çıxış edənlər bu layihənin həyata keçirilməsinə görə forumun əsas təşkilatçısına - Gənclər üçün Təhsil Mərkəzinə təşəkkür ediblər. Layihə 1 dekabr - Dünya QİÇS ilə Mübarizə Gününə həsr edilib.
Forum işini panel iclaslarda davam etdirib.