Bakıda iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da paytaxtın Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata əsasən, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən 90-LF-973 dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli 10-TG-263 dövlət qeydiyyat nişanlı marşrut xətti üzrə sərnişin avtobusu avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan “Xaliq Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə 99-JP-595 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu isə 211 nömrəli avtobusa dəyib.
Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlərdən bəziləri xəsarət alıb.
Bu qəza bir daha göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır.
Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək.