ELM VƏ TƏHSİL
BAKIDA İNFORMASİYA TEXNOLOGİYALARINA DAİR BEYNƏLXALQ FORUM KEÇİRİLƏCƏK
BMT-nin ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən təşkil olunan forumda Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin nümayəndələri iştirak edəcəklər.
BMT-nin və Beynəlxalq Telekommunikasiya İttifaqının dekabrın 10-12-də Cenevrədə keçirəcəkləri İnformasiya cəmiyyəti üzrə dünya sammitinə hazırlıq mərhələsinin tərkib hissəsi olan tədbirin əsas məqsədi iştirakçı ölkələr üçün informasiya-kommunikasiya texnologiyalarına (İKT) dair milli strategiyalar və elektron idarəçilik (e-idarəçilik) mövzusunda müzakirələr təşkil etməkdir.
İştirakçılar milli strategiyaların hazırlanması, həyata keçirilməsi, qiymətləndirilməsi və maliyyələşməsi ilə bağlı qarşıya çıxan problemlərin həlli üçün ən səmərəli yolları müəyyən edəcəklər.
Forumda BMTİP-nin yardımı vacib olan sahələr və lazımi işlərin görülməsi üçün strategiya və tərəf müqabilləri müəyyən ediləcək, e-idarəçilik üzrə siyasət, onun insan fəaliyyətinin müxtəlif sahələrində tətbiqi və bu istiqamətdə potensialın gücləndirilməsi məsələləri də müzakirə olunacaqdır.
“E–idarəçilik–ictimai idarəetmə vasitəsi kimi”, “e-sənədləşmə”, “şəffaf standartlar”, “e–demokratiyanın tətbiqi”, “məlumata azad çıxış”, “korrupsiyaya qarşı mübarizə”, “yerli e–idarəçilik“ və s. aktual məsələlərin forumun gündəliyinə daxil edilməsi istisna olunmur.
Forumda İKT və idarəetmə sahələrində çalışan müxtəlif dövlət təşkilatlarının, BMTİP–nin proqram və layihələrinin, bu sahədə fəaliyyət göstərən elmi idarələrin və qeyri–hökumət təşkilatları nümayəndələrinin, beynəlxalq ekspertlərin - ümumiyyətlə, 20 ölkədən və 10 beynəlxalq qurumdan 60-dək qonağın iştirakı gözlənilir.