BAKIDA “İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA KONVENSİYASI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Ali Məhkəmənin sədri Ramiz Rzayev tədbirdə çıxış edərək, dövlət müstəqilliyi bərpa olunduqdan sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş Azərbaycanda qanunun aliliyinin təmin edilməsi məqsədilə ardıcıl məhkəmə-hüquq islahatlarının aparıldığını diqqətə çatdırmışdır. Natiq respublikamızın Konstitusiyasında insan, vətəndaş hüquqları və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi bəyan edildiyini xüsusi vurğulamışdır . O demişdir ki, bu gün insan hüquqlarının təmin olunması naminə, Azərbaycan Avropa ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə xüsusi önəm verir. Ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonra qısa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya qoşulmuşdur.
Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosiya Azərbaycanın məhkəmə sisteminin möhkəmləndirilməsi istiqamətində atdığı addımların mühüm əhəmiyyətə malik olduğunu söyləmişdir. O, Prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı iki Fərmanın ölkəmizdə insan hüquqları və azadlıqlarının etibarlı qorunması və möhkəmləndirilməsi işinin dövlətimiz üçün prioritet olduğuna dəlalət etdiyini vurğulamışdır.
Tədbirdə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Xanlar Hacıyevin və xanım Fransuas Tulkensin “İnsan hüquqları üzrə Avropa Konvensiyasının ölkədaxili tətbiqi”, “İnsan hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulmuş öhdəliklər”, “İnsan hüquqları üzrə Avropa Konvensiyasına ümumi baxış və onun icra mexanizmləri”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsində prosedurlar”, professor Jan-Fransua Akandji-Kombenin “Avropa Şurası insan hüquqları mexanizminə ümumi baxış”, Avropa Şurası İnsan hüquqları üzrə Direktorluğunun inzibatçısı xanım Tatyana Termaçiçin “İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yerli hüquq sistemində” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələr ətrafında müzakirələr olmuş, fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.
Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə-hüquq sahəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulamış, qonaqlara təşəkkürünü bildirmişdir.