Bakıda “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir
Bakı, 2 may (AZƏRTAC). Mayın 2-də “İnterfaks-Azərbaycan” informasiya agentliyində Rusiyanın bu xəbərlər agentliyinin Azərbaycandakı bölməsinin yaradılmasının 10 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” informasiya agentliyinə təbrikini oxumuşdur.
F.Axundov demişdir: “İnterfaks-Azərbaycan” agentliyi 2003-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır”.
O bildirmişdir ki, Heydər Əliyevin Kommunist Partiyasının sıralarından çıxması barədə bəyanatını birinci məhz “İnterfaks” agentliyi yaymışdır. F.Axundov demişdir: “Bu bəyanat keçmiş Sovet İttifaqını həqiqətən sarsıtmışdır. O zaman “İnterfaks” agentliyi bu məlumatı yaymaqla hünər göstərmişdi, çünki Heydər Əliyevin Sov.İKP-dən çıxması barədə informasiyanı ictimaiyyətdən gizlətməyə çalışırdılar”. Onun sözlərinə görə, bu məlumat Sovet İttifaqının iflasa uğradığını göstərirdi, çünki Heydər Əliyev kimi tanınmış siyasi xadimin öz partiya biletini təhvil verməsi həmin sistemin böhran içində olduğunu göstərirdi.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xaliq Məmmədov bildirmişdir ki, ARDNŞ ilə “İnterfaks-Azərbaycan” agentliyi uzun illərdir uğurla tərəfdaşlıq münasibətləri saxlayırlar. X.Məmmədov ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin təbrikini oxumuşdur. Təbrik məktubunda deyilir: “Bu gün Azərbaycanda mövcud olan çoxsaylı informasiya agentlikləri arasında “İnterfaks-Azərbaycan” xüsusi yer tutur. “İnterfaks-Azərbaycan” 10 il ərzində ölkədə baş verən çox əhəmiyyətli hadisələr, həyata keçirilən qlobal layihələr, Azərbaycana qarşı hərbi-siyasi təcavüz barədə obyektiv informasiyanın yayılmasında əhəmiyyətli rol oynayır”.
R.Abdullayevin məktubunda daha sonra deyilir: “İnterfaks-Azərbaycan” informasiya agentliyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmışdır. Ulu öndər agentliyin beynəlxalq standartlara uyğun inkişafına böyük diqqət və qayğı göstərirdi. Prezident İlham Əliyevin səmərəli daxili və xarici siyasi xətti “İnterfaks-Azərbaycan” agentliyi tərəfindən həmişə dəstəklənir və layiqincə təbliğ olunur”.
“İnterfaks-Azərbaycan”ın baş direktoru Aleksandr İvanov agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək demişdir: “Biz yaradıcı potensialımızı daha böyük səylə artıracağıq, çünki ölkə rəhbərliyi tərəfindən belə təbrik, belə qiymət bunu bizim öhdəmizə qoyur”.