BAKIDA İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ AZƏRBAYCAN- QAZAXISTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ DÖRDÜNCÜ İCLASI KEÇİRİLMİŞDİR
A.Abbasov iclası açaraq bildirmişdir ki, indiki iclas Qazaxıstanın Baş naziri Daniyal Əhmədovun Azərbaycana səfəri ərəfəsində keçirilir. Ötən vaxt ərzində iki ölkə üçün öncül olan neft-qaz, kənd təsərrüfatı kimi sahələrdə və iqtisadiyyatın digər sahələrində ikitərəfli əlaqələr genişlənmişdir.
Bununla yanaşı, iclasda 2005-ci ildə ikitərəfli əmtəə dövriyyəsinin azaldığı bildirilmişdir. Əmtəə dövriyyəsi 112,5 milyon dollar, yaxud 2004-cü ilin səviyyəsi ilə müqayisədə 45,7 faiz olmuşdur. Bu, Qazaxıstanın taxıl və qaz ixracının azalması üzündən baş vermişdir. A.Abbasov vurğulamışdır ki, bu, iki ölkənin mövcud yüksək potensialına uyğun deyildir. Tərəflər 2006-cı ildə Hövsan qəsəbəsində dəniz taxıl terminalı və 2007-ci ildə dəyirman kompleksi yaradılması haqqında razılığa gəlmişlər. Özəl şirkətlər tərəfindən tikiləcək terminalın illik taxıl həcmi 500-800 min ton olacaqdır. Onun bünövrəsinin qoyulması mərasimi mayda Qazaxıstan hökuməti başçısının iştirakı ilə keçiriləcəkdir. Terminal üç mərhələdə tikiləcəkdir. Əvvəlcə elevator, ikinci mərhələdə dəyirman, sonra isə çörək-bulka məhsulu istehsalı kombinatı inşa ediləcəkdir.
Qazaxıstandan neftin Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Azərbaycan ərazisi ilə nəqlinə kömək və onun dəstəklənməsi haqqında hökumətlərarası sazişin imzalanması hər iki ölkənin mənafelərinə cavab verir. Sənədin layihəsi ARDNŞ və Qazaxıstanın “QazMunayQaz” neft şirkətinin mütəxəssisləri tərəfindən hazırlanır və yaxın vaxtlarda tamamlanacaqdır.
Nəqliyyat Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq üçün öncül sahələrdən biridir. TRASEKA nəqliyyat dəhlizi ilə daşımalar sahəsində əməkdaşlığın müsbət məcrada inkişaf etdiyi qeyd olunmuşdur. Əlavə yük axınları cəlb etmək üçün ötən ilin dekabrından Poti-Bakı-Aktau-Almatı marşrutu ilə konteyner qatarı işləməyə başlamışdır. Ötən il ərzində Azərbaycan ilə Qazaxıstan arasında dəniz nəqliyyatı ilə (tranzitlə birlikdə) daşınmış quru yüklərin həcmi 947 min ton, o cümlədən Qazaxıstandan 350 min ton olmuşdur. Həmin dövrdə Azərbaycan ərazisi ilə 3,02 milyon ton Qazaxıstan nefti nəql edilmişdir. İclasda yüklərin bərə vasitəsilə daşınmasına görə bərabərlik əsasında güzəştlər verilməsi və Aktau limanı rayonunda infrastrukturun təkmilləşdirilməsi haqqında razılaşma əldə olunmuşdur.
Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Baktıkoja İzmuxambetov bildirmişdir ki, onun ölkəsi Xəzərin dibi ilə lif-optik rabitə xəttinin tikintisində maraqlıdır. Bununla əlaqədar fevralda Astanada Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Qazaxıstan İnformatizasiya və Rabitə Agentliyinin nümayəndə heyətləri arasında görüş keçirilmişdir. Yaxın vaxtlar üçün daha bir görüş nəzərdə tutulmuşdur.
İclas iştirakçıları turizm sahəsində ikitərəfli əlaqələri genişləndirmək üçün böyük perspektivlər olduğunu bildirmişlər. Keçən il Qazaxıstandan Azərbaycana təxminən 11 min turist gəlmişdir. Xəzərdə birgə kruiz marşrutunun təşkili, iki ölkənin turoperatorları arasında əlaqələri genişləndirmək imkanları nəzərdən keçirilir.
B.İzmuxambetov demişdir ki, onun ölkəsi Azərbaycandan Qazaxıstanın qərb bölgələrinə meyvə-tərəvəz göndərilməsində maraqlıdır.
İclasda 1992-1993-cü illərdə aparılmış ticarət-iqtisadi əməliyyatların nəticələri üzrə qarşılıqlı borcların tənzimlənməsi məsələləri də müzakirə edilmişdir.
XİN-in məlumatına görə, Azərbaycan ilə Qazaxıstan arasında müqavilə-hüquq bazasına 80 dövlətlərarası, hökumətlərarası və idarələrarası saziş daxildir.
Abbas Abbasov Qazaxıstandakı Azərbaycan diasporuna diqqət göstərildiyinə görə bu ölkənin hökumətinə təşəkkür etmişdir.
İclasın yekunlarına əsasən protokol imzalanmışdır.