MƏDƏNİYYƏT
Bakıda İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsinin seçim turu keçirilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 23-dən 26-dək Bakıda İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı ilə İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə iki yaş qrupu üzrə instrumental ifaçı-musiqiçilər arasında keçirilir. Kiçik yaş qrupu 15 yaşadək, böyük yaş qrupu isə 15-dən 20 yaşadəkdir.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük konsert zalında müsabiqənin Azərbaycandan olan ifaçıları arasında kiçik yaş qrupu üzrə seçim turu keçirilmişdir.
Müsabiqədə ansambl, fortepiano, simli və nəfəs alətləri üzrə 17 ifaçı iştirak etmişdir.
İştirakçılar BMA-nın prorektoru, Xalq Artisti Yeganə Axundovanın sədrliyi ilə Xalq Artisti Zəhra Quliyeva, professor Nərminə Quliyeva, dosent Emil Xındırıstanski, professor Hökumə Əliyeva və baş müəllim Vaqif Babayevdən ibarət münsiflər heyəti tərəfindən seçilmişdir.
Aprelin 9-da isə böyük yaş qrupu üzrə seçim edilmişdir. Hər iki yaş qrupu üzrə seçimlərdən keçən ifaçılar aprelin 25-26-da keçiriləcək beynəlxalq müsabiqədə iştirak etmək imkanı qazanmışlar.