Bakıda keçirilən beynəlxalq turnirdə sərbəst güləşçilərimiz 25 medala sahib olublar
Bakı, 15 aprel, AZƏRTAC
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparır.
Turnirin üçüncü günündə sərbəst güləş üzrə yeniyetmələr arasında 114 pəhləvan yarışıb. Güləşçilərimiz günü 8 qızıl, 5 gümüş və 12 bürünc medalla başa vurublar. Qızıl medalları yığmamıza Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq) və Abdulmuslim Məmmədov (76 kq) qazandırıblar.
Komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan komandası üçüncü yeri tutub.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.