BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı. “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 16,8 ton məhsul, o cümlədən 2 ton ət, 0,5 ton ağartı, 7 ton tərəvəz, 5 ton kartof, 0,2 ton bostan bitkisi, 2 ton meyvə, 18 min ədəd yumurta, 100 kiloqram bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Burada mal ətinin kiloqramı 4 manat 20 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, quş əti 4 manat-4 manat 20 qəpiyə, kök 80 qəpik-1 manata, alma 1 manat 20 qəpiyə, armud 1 manat 50 qəpiyə, pomidor 1 manat-1 manat 20 qəpiyə, gilas 1 manat 20 qəpiyə, çiyələk 1 manat 80 qəpik-2 manata, ərik 1 manat 40-1 manat 60 qəpiyə, badımcan 1 manata, kartof 40-60, kələm 40, xiyar, soğan 30-40 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 9-10 qəpiyə, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. Yarmarkada satışa Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş alma, ərik, gilas, lobya, kartof, soğan, xiyar, pomidor və heyvandarlıq məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov dedi ki, bu gün alıcılara 172 tondan çox məhsul təklif olunur. Burada satılan məhsulların qiymətləri bazardakından 25 faizə qədər ucuzdur.
Şəhər sakinləri burada bazarlıq etməyin onlar üçün daha əlverişli olduğunu bildirirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu rayonundan 12 ton, Qazax rayonundan isə 14 tondan çox meyvə-tərəvəz və süd məhsulları gətirilmişdi. Burada kartofun kiloqramı 30-40, xiyar 20, kələm 50 qəpiyə təklif olunurdu.
Alıcılar məhsulların təkcə qiymətlərindən deyil, həm də keyfiyyətindən razılıq edirdilər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada da əhaliyə keyfiyyətli kök, xiyar, soğan, kartof, pomidor, ət və digər kənd təsərrüfatı məhsulları təklif edilirdi.
Qiymətləri bazardakından 35-40 faiz ucuz olan həmin məhsullar həvəslə alınırdı.
İşçi qrupunun rəhbəri Qadir Həsənovun verdiyi məlumata görə, Goranboy, Bərdə və Ağstafalı fermerlər yarmarkaya, ümumilikdə, 16 tondan artıq məhsul çıxarmışlar.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkaya Salyan, Qusar, Dəvəçi, Oğuz, Astara və digər rayonlardan 48 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada pomidorun kiloqramı 1 manat-1manat 50 qəpiyə, xiyar 20 qəpiyə, mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manata, kartof 50-60, soğan 40 qəpiyə, yumurtanın ədədi 10 qəpiyə təklif edilirdi.
Ağdaşdan gilas gətirmiş Asim Mirzəyev məhsulun kiloqramını 1manat 50 qəpik-2 manata satırdı. O, son bir neçə həftədə burada 2 tona yaxın məhsul satmışdır.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağdaş, Salyan, Masallı rayonlarından gətirilmiş 10 tondan çox məhsul və Hacıqabul Quşçuluq Fabrikindən gətirilmiş 6 min 300 ədəd yumurta çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev yarmarkada məhsulların keyfiyyətinə və qiymətlərə ciddi nəzarət olunduğunu bildirdi. Onun sözlərinə görə, burada qiymətlər bazardakından 30-40 faiz aşağıdır.
Qəsəbə sakinləri mal və qoyun ətini, meyvə-tərəvəzi, konserv və taxıl məhsullarını, şirələri, un məmulatlarını, ağartını, yumurtanı həvəslə alırdılar.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şənbə günü Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz, Qobustan rayonlarının fermerləri əhaliyə müxtəlif çeşiddə 40,6 ton məhsul təklif edirdilər. Burada göyərtinin dəstəsi 10 qəpiyə, soğanın kiloqramı 30, alma, çuğundur 40, kartof 40-50, badımcan, kök 70, xiyar 50, bibər 15 qəpiyə, qoz 2 manat 20 qəpiyə, pomidor 2, mal əti 4, qoyun əti 5 manata, quş əti 4 manat 20 qəpiyə, pendir 2 manat 40 qəpiyə satılırdı.
