BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 20,85 ton məhsul, o cümlədən 1,5 ton ət, 5 ton tərəvəz, 4 ton kartof, 6 ton bostan məhsulları, 4 ton meyvə, 11 min ədəd yumurta, 50 kiloqram bal gətirilmişdi. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə, bal 9-10 manata, armud 60 qəpik-1 manata, alma 30-40-60, çuğundur, yerkökü 70-80, pomidor, kartof, badımcan 20-30-40, soğan, kələm 50, yumurtanın bir ədədi 7-10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində, “Günəş” ticarət mərkəzindəki, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda şəhər sakinləri bostan məhsullarını daha həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrinin verdiyi məlumatlara görə Kürdəmir, Salyan, Şəmkir, Ağcabədi, Biləsuvar, Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Cəlilabad, Biləsuvar və Lənkəran rayonlarının fermerləri satışa 395 tondan çox məhsul çıxarmışlar. Burada satılan məhsulların qiyməti bazardakından 30-35 faiz ucuzdur. Alıcılar məhsulun keyfiyyətindən də razıdırlar.
Biləcəri qəsəbəsindəki, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, rayonun fermerləri bu gün paytaxta 2,2 ton pomidor, 5,3 ton kartof, 4 ton qarpız və yemiş, meyvə-tərəvəz, süd məhsulları gətirmişlər. Burada şəhər sakinlərinə badımcanın kiloqramı 10-15, qarpızın və pomidorun kiloqramı 20, yemişin kiloqramı 40 qəpiyə təklif olunurdu. Digər məhsullar da bazarlarla müqayisədə sərfəli qiymətlərə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, yarmarkaya Ağsu rayonundan 15,7, Qazax rayonundan 15,4 ton məhsul gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da ucuz qiymətlərə təzə badımcan, lobya, qarpız, bibər, pomidor, kartof və digər kənd təsərrüfatı məhsulları satılırdı. Paytaxt sakinləri Bərdə, Goranboy və Ağstafadan gətirilmiş həmin məhsulları həvəslə alırdılar.
Nərimanov rayonunda Əliyar Əliyev küçəsində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Beyləqan, Oğuz, Daşkəsən, Neftçala və digər rayonların fermerləri satışa 22,8 ton meyvə-tərəvəz, ət və süd məhsulları, konserv məhsulları çıxarmışlar.
İmişli Rayon İcra Hakimiyyətinin məsul işçisi Cavad Musayev yarmarka təşkil olunandan bəri rayon fermerlərinin bu təşəbbüsə həvəslə qoşulduğunu, hər şənbə-bazar paytaxta kartof, soğan, süd məhsulları gətirdiklərini söylədi.
######
![]() |
![]() |

