BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 10-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə təşkil olunan yarmarkalara, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya bazar günü Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 15,75 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 5 ton tərəvəz, 3 ton kartof, 3 ton bostan məhsulları, 3,5 ton meyvə, 8 min ədəd yumurta, 50 kiloqram bal gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə, bal 9-10 manata, armud 60 qəpiyə - 1 manata, alma 30-60, çuğundur, yerkökü 70-80, pomidor, kartof, badımcan 20-40, soğan, kələm 50, yumurtanın bir ədədi 7-10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada Salyan, Şəmkir, Kürdəmir, Biləsuvar, Ağcabədi və digər rayonların fermerləri əhaliyə xeyli çeşiddə məhsul təklif edirdilər. Burada satılan meyvə-tərəvəz və süd məhsulları həm ucuz qiymətlərinə, həm də keyfiyyətinə görə diqqəti cəlb edirdi. Şənbə və bazar günlərində yarmarkaya 321 tonadək məhsul gətirilmişdir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar və Lənkəran rayonlarının fermerləri alıcılara 65 ton məhsul təklif etmişlər. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razı qalmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkalarda isə müxtəlif rayonlardan gətirilən 41 tondan çox məhsul ucuz qiymətlərə satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Goranboy, Bərdə və Ağstafa fermerləri keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Məhsullar alıcılara bazardakından 25-30 faiz ucuz qiymətlərə təklif olunmuşdur.
İstirahət günləri Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkaya Xaçmaz, Neftçala, İmişli, Daşkəsən, Beyləqan, Oğuz, Tovuz, Tərtər və digər rayonlardan satışa 37,8 ton meyvə-tərəvəz, ət və süd məhsulları, yumurta, konserv məhsulları gətirilmişdir.
İmişli Rayon İcra Hakimiyyətinin məsul işçisi Cavad Musayev fermerlərin yarmarkalar təşkil olunandan bəri bu təşəbbüsə həvəslə qoşulduğunu, paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına təlabatının bundan sonra da ödəniləcəyinə çalışacaqlarını bildirmişdir.
######
![]() |
![]() |

