BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının sayca 220-ci satış yarmarkası keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 21 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,3 ton ağartı, 4,5 ton tərəvəz, 5,5 ton kartof, 4,5 ton meyvə, 10 min ədəd yumurta gətirilmişdir.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin, metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkalarda Salyan, Qusar, Dəvəçi, Ağdaş, Sabirabad, Şəmkir, Ağcabədi, və digər rayonlardan gətirilmiş 355 tona yaxın müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları sakinlər tərəfindən həvəslə alınırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı, Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı, Nərimanov rayonunda Əliyar Əliyev küçəsindəki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda isə Qazax, Ağsu, Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonların fermerləri satışa ümumilikdə 146 tondan çox ərzaq və kənd təsərrüfatı məhsulları gətirmişdilər. Bazarlıq edən şəhər sakinləri məhsulların qiymətlərinin sərfəli olduğunu söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri demişlər ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 25-30 faizə qədər ucuzdur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar. Yarmarkalar bazar günü də təşkil olunacaqdır.
######
![]() |
![]() |

