BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 19-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalarda, mövsümə uyğun olaraq, meyvə-tərəvəz və bostan məhsulları üstünlük təşkil edirdi.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 16,6 ton kənd təsərrüfatı məhsullarının, o cümlədən 2 ton ətin, 0,3 ton ağartının, 4 ton tərəvəzin, 4 ton meyvənin, 5 ton kartofun, 7 min yumurtanın alıcısı çox idi. Pensiyaçı Səadət Ağayeva, evdar qadın Arzu Dadaşova burada məmnuniyyətlə alış-veriş etdiklərini bildirdilər. Şənbə və bazar günləri yarmarkada satışa 42 tondan çox məhsul çıxarılmışdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri iki gün ərzində paytaxt sakinlərinə 6 ton ət, 49,7 ton kartof, 91 ton meyvə satmışlar.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Quba, Xaçmaz, Astara və digər rayonlardan 80 tondan çox məhsul gətirilmişdi. Alıcıların bildirdiyinə görə, yarmarkaların ardıcıl təşkili hər bir alıcı üçün olduqca əlverişli imkanlar yaradır və aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermərləri 56 tondan çox məhsul satmışlar. Qiymətlər bazardakından 35-35 faizə qədər ucuz olmuşdur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razılıq etmişlər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 10 tondan çox məhsul çıxarmışlar.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayevin verdiyi məlumata görə, şənbə və bazar günləri Biləcəri qəsəbəsindəki yarmarkada 25 tondan çox məhsul satılmışdır. Şəhər sakinləri təklif olunan ağartının, bostan məhsullarının, meyvə-tərəvəzin qiymətinin münasib olduğunu vurğulayırdılar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və Ağstafa fermerlər satışa bol meyvə-tərəvəz və süd məhsulları çıxarmışdılar.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından gətirilmiş müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təzəliyi, keyfiyyəti və qiymətinin ucuzluğu ilə alıcıları cəlb edirdi. Yaxınlıqdakı uşaq bağçasında çalışan Xəyalə İdrisova və Rəna Məmmədova bildirdilər ki, hər şənbə-bazar günləri burada alış-veriş edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi F.Eminovun verdiyi məlumata görə, iki gün ərzində yarmarkada 49,8 ton meyvə-tərəvəz, Mərdəkan bpoyler fabrikindən gətirilmiş 10 min yumurta satılmışdır.
######
![]() |
![]() |

