BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılar Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 22,84 ton kənd təsərrüfatı məhsullarını, o cümlədən 2,5 ton əti, 0,3 ton ağartını, 8 ton tərəvəzi, 5 ton meyvəni, 6 ton kartofu, 8 min ədəd yumurtanı həvəslə alırdılar.
Satıcı Mürvət Mürsəlov yarmarkaya 4 tondan çox alma, nar, qoz, fındıq və heyva gətirdiyini deyir. O, almanı 40-80 qəpiyə, fındığı 1 manat 80 qəpiyə-2 manata, narı 60-80 qəpiyə satır. Yaradılan şəraitdən razıdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun dediyinə görə, yarmarkada qiymətlər bazara nisbətən 20-25 faiz ucuzdur. Meyvə, kartof, soğan və ətin alıcısı daha çoxdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkaya müxtəlif çeşiddə keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarının fermerləri satışa 283 tondan çox məhsul çıxarmışlar. Alıcılar məhsulların keyfiyyətindən razıdırlar.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında təşkil edilmiş yarmarkada Salyan, Qusar, Quba, Xaçmaz və digər rayonların fermerləri sakinlərə 80 tondan artıq meyvə-tərəvəz təklif edirdilər. Fındıq və şabalıdın, ətin, toyuğun, yumurtanın, pendirin, kartofun, soğanın alıcısı daha çox idi.
Astaralı Babayar Heydərov alıcıların tələbatını nəzərə alaraq naringi gətirmişdi. Münasib qiymətə təklif olunan məhsul qısa müddət ərzində satılıb qurtarmaq üzrə idi.
Ekoloq Dilarə Quliyeva:
- Peşəmlə əlaqədar olaraq məhsulların ekoloji cəhətdən təmizliyinə fikir verirəm. Hiss olunur ki, yarmarkada keyfiyyətə ciddi nəzarət var. Alış-verişi həmişə buradan edirəm. Xüsusilə Salyanın “Hacı Camalxan” kəndli fermer təsərrüfatından gətirilən ağartı məhsullarını daha çox alıram. Çünki pendir, qatıq, qaymaq, xama keyfiyyəti ilə seçilir.
Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hüseynqulu Mənsimovun verdiyi məlumata görə, bu gün rayondan paytaxta 24 ton 600 kiloqram məhsul gətirilmişdir.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı rayonlarından 20 tondan çox, bazardakından ucuz qiymətə kartof, soğan, badımcan, nar, kələm, bibər, pomidor, xiyar çıxarılmışdı.
Giləzi Quşçuluq fabrikinin satıcısı Elvin Əliyev yarmarkaların təşkilinə görə ölkə rəhbərliyinə, əlaqədar qurumlara minnətdarlığını bildirərək dedi ki, biz təsərrüfatçılar üçün əlverişli şərait yaradılmışdır. Heç bir maneə olmadan məhsulumuzu satırıq. Bu gün 4 min 300 ədəd yumurta gətirmişik. Gördüyünüz kimi, alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razıdırlar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri satışa 57 ton məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun dediyinə görə yarmarkada satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar kifayət qədərdir. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri alıcılara 10 tondan çox məhsul təklif edirdilər. Burada da qiymətlər bazardakından 30-35 faiz ucuz idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazaxdan gətirilmiş 25,5 ton məhsul satılırdı. Keyfiyyəti ilə diqqəti cəlb edən üzüm, alma, lobya, qoz, nar, kələm, süd və ət məhsullarının qiyməti də münasib idi.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və Ağstafa fermerləri müxtəlif çeşiddə meyvə-tərəvəz, bostan və süd məhsulları satırdılar.
Nərimanov rayonu, Ə. Əliyev küçəsi, 26 ünvanda yerləşən yarmarkada satışa Xaçmazdan 22,5 ton, Tərtərdən 13 ton, İmişlidən 4 ton, Tovuzdan 3 ton meyvə-tərəvəz, Qğuzdan 1,6 ton ət, Mərdəkan və Giləzi broyler fabrikindən 20 min ədəd yumurta çıxarılmışdı.
Tərtər rayonundan 2,3 ton kələm, çuğundur, sarımsaq, kök gətirmiş fermer Şəhriyar Əsgərov hər həftə burada məhsul satdığını, yadadılmış şəraitdən razı qaldığını bildirdi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada səliqə-sahmana, asayişə nəzarət edirdilər.
######
![]() |
![]() |

