BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 15,73 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 4 ton tərəvəz, 5 ton meyvə, 4 ton kartof, 7 min ədəd yumurta gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun dediyinə görə, şənbə və bazar günləri yarmarkada 38 tondan çox məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarının fermerləri alıcılara bol tərəvəz, meyvə, konserv məhsulları, pendir, mal və qoyun əti, bal təklif edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada sakinlərə 110,6 ton tərəvəz, 100 ton meyvə, 52 ton kartof və digər məhsullar təklif olunmuşdur.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında təşkil edilmiş yarmarkada satışa Salyan, Qusar, Quba, Xaçmaz və digər rayonlardan gətirilmiş 80 tondan çox məhsul çıxarılmışdı. Gədəbəyli Kazım Babayev yarmarkalar keçirilən ilk gündən buraya bal gətirir. Dediyinə görə, yarmarkalar sayəsində məhsulunu özünə sərf edən qiymətə, ancaq bazardakından ucuz satır. Alıcılar etiraf edirlər ki, Kazımın satdığı bal çox keyfiyyətlidir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermərləri 57 tondan çox məhsul satmışlar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuz olmuşdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar çoxluq təşkil etmişdir.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonundan gətirilmiş 10 tondan çox məhsul satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şəhər sakinləri Qazax və Ağsudan gətirilmiş təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada satışa 26 tonadək üzüm, kələm, lobya, kartof, badımcan, pomidor, alma, nar və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da məhsullar keyfiyyəti ilə diqqəti cəlb edirdi. Burada Goranboy, Ağstafa və Bərdə fermerləri qiymətləri bazardakından 20-30 faiz ucuz olan meyvə-tərəvəz və heyvandarlıq məhsulları satırdılar.
Nərimanov rayonunda Ə.Əliyev küçəsində yerləşən yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri şənbə və bazar günləri 46,1 ton məhsul satmışlar.