BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 22 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada yumurtanın biri 10, kartof və soğanın kiloqramı 30-40, kələm, alma 40-60, limon 50, kök 80 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60-3 manat 80 qəpiyə təklif edilirdi.
Sabirabadlı Cavid Mirzəyev gətirdiyi heyvanın kiloqramını 60-80 qəpiyə satırdı. Dediyinə görə, son bir neçə həftədə burada 3 tona yaxın məhsul satmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov yarmarkada qiymətlərin bazara nisbətən 20-25 faiz ucuz olduğunu bildirmişdir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarının fermerləri satışa 284 tondan çox keyfiyyətli kənd təsərrüfatı məhsulu çıxarmışdılar. Mövsümlə əlaqədar yarmarkaya gətirilən məhsulların çeşidi də dəyişmişdi. Burada xurma, heyva, nar, feyxoa və başqa məhsullar çoxluq təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, bu gün paytaxt sakinlərinə 20 adda kənd təsərrüfatı məhsulları təklif olunur. Qiymətlərin bazardakından 20-25 faiz ucuz olduğu yarmarkada heyvanlar baytar nəzarəti altında kəsilir.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Salyan, Quba, Xaçmaz, Astara və digər rayonlardan 80 tondan çox məhsul gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi dedi ki, satışa çıxarılan ət baytar müayinəsindən keçirilir. Ümumiyyətlə, buradakı bütün məhsulların keyfiyyəti ciddi yoxlanılır. Yarmarka yalnız Yasamal rayonunun deyil, həm də paytaxtın digər rayonlarının sakinlərinin daha çox üz tutduğu satış mərkəzinə çevrilmişdir. Burada qiymətlərin bazardakından xeyli ucuz olduğunu alıcılar da etiraf edirlər. Qarabağ müharibəsi əlili Baba Vəzirov deyir:
-Bazarlarda bahalaşmanın qarşısını almaq üçün ölkə başçısının tapşırığı ilə təşkil olunan yarmarkalar məni çox sevindirir. Qiymətlər günbəgün aşağı düşür. Ona görə də yarmarkaya minlərlə adam üz tutur.
Yarmarkada almanın kiloqramı 40-80, kartof 30-40, nar, xurma, pomidor 50, badımcan 40, soğan 30, mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manata təklif edilirdi.
Badamdar qəsəbəsində 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Salyan, Ağdaş, Sabirabad, Masallı və digər rayonlardan gətirilmiş 27 tondan çox məhsul çıxarılmışdı. Yarmarkaya balqabaq gətirmiş sabirabadlı Arif Cəfərov dedi ki, ilk dəfədir burada məhsul satır. Kiloqramını 20 qəpiyə təklif etdiyi məhsulu qəsəbə sakinləri həvəslə alırlar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermərləri alıcılara 63 ton məhsul təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Kənd Təsərrüfatı İşçiləri günü ilə əlaqədar yarmarkaya çıxarılan məhsulların çeşidi artırılmışdır. Satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar kifayət qədərdir. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 11 tona yaxın məhsul çıxarmışdılar.
Nərimanov rayonunun Ə.Əliyev küçəsində yerləşən yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri müxtəlif çeşiddə 49,6 ton kənd təsərrüfatı məhsulları gətirmişdilər. Yarmarkada kartof, kələm və balqabağın kiloqramı 40, baş soğan 30, pomidor, badımcan, xurma, armud 50, nar 60, kök 80 qəpiyə, üzüm 1manat 20 qəpiyə, qoyun əti 5 manata, mal əti 4 manat 50 qəpiyə, quş əti 3 manat 70 qəpiyə, yumurtanın biri, göyərtinin dəstəsi 10 qəpiyə satılırdı.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada səliqə-sahmana və asayişə nəzarət edirdilər.
######
![]() |
![]() |

