BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təklif olunurdu. Gədəbəy rayonundan gəlmiş Akif Vəliyev deyir ki, 30-50 qəpiyə təklif etdiyi kartof yaxşı alınır. Gətirdiyi 2 ton məhsulun çox hissəsini artıq satmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş 6 ton ət, 103 ton meyvə, 110 ton tərəvəz və digər məhsullar satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri iki gün ərzində 66 ton məhsul satmışlar. Qiymətlər bazardakından 30-35 faizə qədər ucuz olmuşdur. Alıcılar meyvə-tərəvəzin, bitkiçilik məhsullarının, ət-süd məmulatları və konservləşdirilmiş məhsulların keyfiyyətindən də razı qalmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri sakinlərə 11 tondan çox məhsul təklif etmişlər. Burada da qiymətlər bazardakından 30-35 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax və Ağsu fermerləri iki gün ərzində 25 tondan artıq kələm, alma, üzüm, nar, pomidor, qoz, kök, kartof və digər məhsullar satmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada satışa Ağstafa, Bərdə və Goranboydan gətirilmiş meyvə-tərəvəz çıxarılmışdı. Alıcılar həmin məhsulların keyfiyyətli və ucuz olduğunu bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri alıcılara 48,5 ton kənd təsərrüfatı məhsulları təklif etmişlər.
Xaçmaz rayonunun Sərkər kəndindən Feyruz Şükürovun dediyinə görə, öz təsərrüfatından 3 tona yaxın meyvə-tərəvəz gətirmişdir. İki oğlu da onunla birlikdə yarmarkaya gəlmişdir. F.Şükürov alıcıların hörmətini qazanmasından qürur duyduğunu bildirmişdir.