BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 6 mart (AZƏRTAC). Martın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar təklif olunurdu.
Səhər tezdən şəhər sakinləri yarmarkaya gələrək həvəslə təzə və keyfiyyətli məhsullar alırdılar. Onlar bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıq edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, şənbə günü yarmarkaya 13 tondan çox məhsul, o cümlədən 2,5 ton ət, 0,5 ton ağartı, 3,5 ton tərəvəz, 3 ton kartof, 0,6 ton bostan məhsulları, 3 ton meyvə, 2,5 min ədəd yumurta gətirilmişdir. Qiymətlər bazardakından 20-25 faiz ucuzdur.
8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ərəfəsində Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada qələbəlik idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, Salyan, Quba, Qusar, Astara, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri burada satışa 85,3 ton məhsul çıxarmışlar. Həmişə olduğu kimi, bu dəfə də Salyan rayonu həm məhsulun kəmiyyətinə, həm də çeşidin müxtəlifliyinə görə birincidir. Yarmarkaya daxil olan məhsulun təqribən yarısı bu rayonun payına düşür. Məhsullar arasında xalqımızın ən müqəddəs bayramlarından olan Novruz süfrələrini bəzəyəcək müxtəlif meyvələr, çərəzlər, xüsusilə qoz, fındıq, şabalıd, iydə, püstə, badam, heyva, nar, naringi, apelsin, tərəvəzlərdən xiyar, pomidor, kələm, yerkökü, kartof, soğan, göyərti, habelə ağartı məhsulları çoxluq təşkil edirdi.
Qusar rayonundan gəlmiş fermer Bəhruz İsmayılov dedi:
- Əlamətdar bayramlar ərəfəsində paytaxt sakinlərinə xidmət göstərmək bizim üçün xüsusilə xoşdur. Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkasının başlandığı vaxtdan hər həftənin şənbə və bazar günləri burada olur, təsərrüfatımızda yetişdirilən müxtəlif çeşidli məhsulları alıcılara təklif edirəm. Biz məhsulları bazarlardakından 30-40 faiz, hətta bəzilərini yarıbayarı ucuz satırıq.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonların fermerləri sakinlərə 16 tondan çox kənd təsərrüfatı məhsulu təklif edirdilər. Giləzi və Hacıqabul quşçuluq fabriklərinin nümayəndələri isə satışa 9 min ədəddən çox yumurta çıxarmışdılar.
Ağdaşlı Cəmil Quliyev bildirdi ki, gətirdiyi kartofun kiloqramını 50 qəpiyə təklif edir. Yarmarkalar təşkil ediləndən bəri burada 40 tondan çox məhsul satdığını deyən fermer növbəti yarmarkalarda da iştirak edəcəyini bildirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar rayonlarından yarmarkaya 234 ton meyvə-tərəvəz və digər məhsullar gətirilmişdir.
Baharın gəlişi, bayram ovqatı və havaların mülayim keçməsi Suraxanı sakinlərinin yarmarkalara axınını gücləndirmişdir. Əhali kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və Novruz bayramı ilə əlaqədar tədarük üçün yarmarkalarda alış-veriş etməyə üstünlük verir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, rayon ərazisində iki yerdə - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində yarmarka təşkil edilmişdir. Sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad rayonlarından gətirilmiş 40 tona yaxın məhsul təklif olunur. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, xurma, sitrus meyvələri - naringi, kivi, portağal eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor, badımcan, bibər və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır. Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada şəhər sakinləri həvəslə bazarlıq edirdilər. Burada satışa 15 tonadək meyvə-tərəvəz və süd məhsulları çıxarılmışdı. Qazax və Ağsudan gəlmiş fermerlər burada ucuz qiymətlərə nar, kartof, kök, alma və digər kənd təsərrüfatı məhsulları satırdılar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Goranboy, Bərdə və Ağstafa fermerləri alıcılara ucuz qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəzlər təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 29,4 ton məhsul gətirilmişdir.
Novruz bayramı ərəfəsi olduğuna görə göyərti və quru meyvələr, qoz və fındığın çoxluğu nəzərə çarpırdı. Elə ən çox alınan da məhz bu məhsullar idi.
Nərimanov rayonu İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
