BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarka Novruz bayramı ilə əlaqədar bayramsayağı bəzədilmiş və burada əsl məhsul bolluğu yaradılmışdı. Alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 17 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, yarmarkaya Novruz bayramı ərəfəsində gətirilən məhsulların çeşidi artmışdır. Bayram süfrəsi üçün zəruri olan qoz, fındıq, şabalıd, alma, armud, xurma, limon, narıngi və digər məhsullar daha çox alınır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Novruz ab-havası hökm sürür, kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəzin bolluğu ilk baxışdan diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin bildirdiyinə görə, Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri satışa ötən ilin payızından sonra ən yüksək həcmdə - 87,4 ton məhsul çıxarmışlar. Bu dəfə də Salyan rayonu həm məhsulun həcminin çoxluğuna, həm də çeşidin müxtəlifliyinə görə birincidir. Alıcılara təklif olunan məhsulun 35-40 faizi bu rayonun payına düşür. Satışa çıxarılmış məhsullar arasında müqəddəs Novruz bayramı süfrələrini bəzəyəcək müxtəlif meyvələr, çərəzlər, xüsusilə qoz, fındıq, şabalıd, iydə, püstə, badam, heyva, nar, sitrus meyvələri çoxluq təşkil edir.
Astaralı Qəndadaş Məcidov xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində paytaxt sakinlərinə bol sitrus meyvələri təklif etdiyini bildirdi. Qeyd etdi ki, satdığı bütün məhsullar bazarlardakından 30-40 faiz, bəziləri isə yarıbayarı ucuzdur.
Paytaxt sakinləri də öz növbələrində xalqımızın əziz bayramı ərəfəsində yarmarkada məhsulların bolluğu, çeşidlərin müxtəlifliyi və qiymətlərin ucuzluğu üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada qələbəlik idi. Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonların fermerləri sakinlərə 13 tondan çox kənd təsərrüfatı məhsulu təklif edirdilər. Novruz bayramının gəlişi ilə əlaqədar səliqə-sahman yaradılmış yarmarkada ucuz qiymətə alma, qoz, fındıq, şabalıd, narıngi və müxtəlif meyvə quruları, kartof, soğan, kök, yumurta, mal və qoyun əti satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Ağcabədi, Şəmkir, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş 225 ton meyvə, tərəvəz, digər kənd təsərrüfatı məhsulları şəhər əhalisi tərəfindən həvəslə alınırdı.
Novruz bayramı ərəfəsində burada satılan məhsullar arasında fındıq, qoz, şabalıd, alma, müxtəlif şirniyyat məmulatları üstünlük təşkil edirdi. Yarmarkada Novruzun rəmzi olan səməni də təklif olunurdu. Alıcılar bayram ərəfəsində yaradılmış bolluqdan, qiymətlərin ucuzluğundan razılıq edirdilər.
Novruz ərəfəsində Suraxanıda “Günəş” ticarət mərkəzində təşkil olunmuş yarmarkada xüsusi canlanma var idi. Burada sakinlərə bayram süfrəsi üçün lazım olan hər nemət, özü də ucuz qiymətə təklif olunurdu.
Qubalı fermer Tahir Ağaməmmədov, bərdəli İmdad Hüseynov, zaqatalalı Ümidxan Ağalarov dedilər ki, nəqliyyat xərci və digər ödəmələr çox olduğu üçün fermerlər becərdikləri məhsulu təkbaşına şəhərə gətirib alıcıya çatdıra bilmir, bu iş baha başa gəlir. Hökumətin təşkil etdiyi yarmarkalar isə işimizi xeyli asanlaşdırır. Məhsullarımızı Bakıya yerli icra hakimiyyəti orqanlarının ayırdığı avtomobillərlə gətiririk. Bu bizi əlavə xərclərdən xilas edir.
Alıcılar da yarmarkalardan razılıq edirlər. Müəllim Şəfiqə xanım deyir: “Yarmarkaların təşkili əhalinin bayram ovqatını bir az da yaxşılaşdırır. Burada qiymətlər bazardakından xeyli ucuzdur, həm də hər şey var. Biz hökumətdən, ən başlıcası isə Prezidentimizdən razıyıq”. Tibb işçisi Sevda xanım da yarmarkadan əlidolu çıxır. O da bolluqdan və qiymətlərin ucuzluğundan razılığını bildirir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 39 ton 300 kiloqram məhsul təklif olunur.“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 2 tondan çox məhsul çıxarmışlar. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağsu və Qazaxdan gətirilmiş 14 tonadək meyvə-tərəvəz, süd məhsulları çıxarmışdılar. Burada da bayram əhval-ruhiyyəsi hökm sürür, alma, kələm, qoz, nar, kök, fındıq, kartof və digər kənd təsərrüfatı məhsulları bolluq təşkil edirdi. Alıcılar təklif olunan məhsulların qiymətlərinin bazardakından 20-25 faiz ucuz olduğunu söyləyirdilər.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinləri Goranboy, Ağcabədi və Bərdə fermerlərinin ucuz qiymətlərə satdıqları meyvə-tərəvəzləri həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 22,5 ton məhsul gətirilmişdir. Novruz bayramı ərəfəsində burada bir canlanma, oyanış və gözəlliyə çağırış var idi. Alıcılara təklif olunan məhsullar arasında göyərti və quru meyvələr, qoz, badam, şabalıd və fındığın bolluğu diqqəti cəlb edirdi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
