BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 15 mart (AZƏRTAC). Martın 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Novruz bayramı ərəfəsində - şənbə və bazar günləri Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 17 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bayram qabağı məhsulların çeşidi artmışdır. Sakinlər Novruz süfrəsi üçün zəruri olan mer-meyvəni daha çox alırlar.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada iki gün ərzində Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarından gətirilmiş 87,4 ton məhsul satılmışdır. Alıcılara təklif olunan məhsullar arasında müqəddəs Novruz bayramı süfrələrini bəzəyəcək müxtəlif meyvələr, çərəzlər, xüsusilə qoz, fındıq, şabalıd, iydə, püstə, badam, heyva, nar, sitrus meyvələri çoxluq təşkil etmişdir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada da Novruz ərəfəsində bayram süfrəsi üçün zəruri olan qoz, fındıq, digər meyvələr daha çox alınırdı. Şənbə və bazar günləri burada Ağcabədi, Şəmkir, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş 225 ton meyvə-tərəvəz satılmışdır.
Suraxanı rayonunda “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində təşkil olunmuş yarmarkalarda iki gün ərzində Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad rayonlarından gətirilmiş 40 tondan artıq məhsul satılmışdır. Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada şəhər sakinləri Novruz bayramı ərəfəsində - bazar günü Qazax və Ağsudan gətirilmiş müxtəlif çeşiddə meyvə-tərəvəzi, təzə süd məhsullarını həvəslə alırdılar. Şənbə və bazar günləri burada 13 tonadək məhsul satılmışdır.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağcabədi, Bərdə və Goranboy fermerləri iki gün ərzində alıcılara ucuz qiymətlərə qoz, nar, fındıq, kartof, kələm və digər məhsullar təklif etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan fermerləri 22,5 ton məhsul satmışlar.
Sakinlər Novruz bayramının gəlişi ilə bağlı daha çox göyərti və quru meyvələr, qoz, badam, ləbləbi, şabalıd, fındıq və yumurta almışlar.