BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 27 mart (AZƏRTAC). Martın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 15 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsullar təklif olunurdu.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkaya Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri 83,4 ton məhsul gətirmişlər. Həmişə olduğu kimi, bu dəfə də Salyan fermerləri və şəxsi təsərrüfat sahibləri həm məhsulun həcminə, həm də çeşidin müxtəlifliyinə görə birinciliyi qoruyub saxlamışlar. Yarmarkaya daxil olan məhsulun 30 faizdən çoxu bu rayonun payına düşür. Bütün məhsullar alıcılara bazarlardakından 30-40 faiz ucuz təklif olunur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonların fermerləri sakinlərə 9 tondan çox kənd təsərrüfatı məhsulu təklif edirdilər.
Ağdaşlı fermer Vəli Quliyev bildirdi ki, gətirdiyi kartofun kiloqramını 50-60 qəpiyə təklif edir. Yarmarkalar təşkil ediləndən bəri burada 30 tondan çox məhsul satdığını deyən fermer növbəti yarmarkalarda da iştirak edəcəyini bildirdi.
Baharın gəlişi, bayram ovqatı və havaların mülayim keçməsi qəsəbə sakinlərinin yarmarkaya axınını gücləndirmişdir. İnsanlar kənd təsərrüfatı məhsullarına tələbatlarını ödəmək üçün yarmarkalarda alış-veriş etməyə üstünlük verirdilər.
Qəsəbə sakini Yalçın Məmmədov bildirdi ki, evi yaxınlıqda olduğundan hər həftə bura üz tutur. Artıq 2 ildən çoxdur ki, yarmarkadan ucuz və keyfiyyətli məhsullar alır. Bu işi təşkil edənlərə minnətdarlığını bildirən qəsəbə sakini demişdir ki, bu yarmarkalar təşkil ediləndən bazarın yolunu unutmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlər satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər. Ağcabədi, Şəmkir, Quba, Kürdəmir, Qax və Biləsuvar rayonlarından gəlmiş fermerlər burada alıcılara 200 ton meyvə-tərəvəz, ət və digər məhsullar təklif edirdilər.
Suraxanıda - “Günəş” ticarət mərkəzindəki yarmarkada sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 38 tondan artıq, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonundan gətirilmiş 2,3 ton məhsul təklif olunur. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qurudulmuş xurma, sitrus meyvələri - naringi, kivi, portağal eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor, badımcan, bibər və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuzdur.
Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada şəhər sakinləri Novruz bayramı ilə əlaqədar həvəslə bazarlıq edirdilər. Qazax və Ağsudan gəlmiş fermerlər onlara ucuz qiymətlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edirdilər. Burada satışa 12 tondan çox meyvə-tərəvəz, bostan məhsulları çıxarılmışdı.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağcabədi, Bərdə və Ağstafa fermerləri alıcılara ucuz qiymətlərə kələm, nar, fındıq, kartof, qoz, alma və digər məhsullar təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 22,5 ton məhsul gətirilmişdir. Bu dəfə də məhsulun 70 faizdən çoxu Xaçmaz fermerlərinin payına düşür.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
