BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NOVRUZ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 20 mart (AZƏRTAC). Martın 20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 17 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsullar təklif olunurdu.
Alıcı Məmməd Dadaşov bildirdi ki, yurdumuza gələn Bahar bayramı hamımızda ruh yüksəkliyi oyatmışdır. Bu gün yarmarkada bayram süfrəsini bəzəmək üçün ucuz və keyfiyyətli məhsul bolluğu vardır. Bütün bunlar dövlətlə xalqın birliyinin, ölkə rəhbərliyinin vətəndaşlara diqqətinin, qayğısının bariz nümunəsidir.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkanın xalqımızın ən əziz bayramı olan Novruzun gəlişinə təsadüf etməsi burada əsl qələbəlik yaratmışdı. Satışa çıxarılmış məhsulların, demək olar, hamısı paytaxt sakinlərinin Novruz süfrələrini bəzəmək üçün nəzərdə tutulmuşdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin bildirdiyinə görə, bayram yarmarkasına Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri 83,4 ton məhsul gətirmişlər. Həmişə olduğu kimi, bu dəfə də Salyan fermerləri və şəxsi təsərrüfat sahibləri həm məhsulun həcminə, həm də çeşidin müxtəlifliyinə görə birinciliyi qoruyub saxlamışlar. Yarmarkaya daxil olan məhsulun 30 faizdən çoxu bu rayonun payına düşür. Bütün məhsullar alıcılara bazarlardakından 30-40 faiz, bəziləri isə yarıbayarı ucuz təklif olunur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Novruz bayramı ilə əlaqədar qoz, fındıq, şabalıd və meyvə qurusu çoxluq təşkil edirdi. Baharın rəmzi olan qırmizı lentli yaşıl səmənilər xüsusilə göz oxşayırdı. Burada satışa Ağdaş, Salyan, Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 10 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Quşçuluq fabriklərinin nümayəndələri isə 4 min ədəddən çox yumurta gətirmişlər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlər satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər. Novruz bayramı münasibətilə yarmarkaya gətirilən kənd təsərrüfatı məhsullarının çeşidi xeyli artmışdı. Ağcabədi, Şəmkir, Quba, Kürdəmir, Qax və biləsuvarlı fermerlər burada alıcılara 250 ton meyvə-tərəvəz, ət və digər məhsullar təklif edirdilər. Bayram süfrəsi üçün zəruri olan qoz, fındıq, badam və meyvələr daha çox alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Novruz bayramının gəlişi Suraxanıda təşkil edilmiş yarmarkalarda bir qələbəlik yaratmışdır. “Günəş” ticarət mərkəzindəki yarmarkada sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 39 tondan artıq, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonundan gətirilmiş 2,4 ton məhsul təklif olunur. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, şabalıd, qurudulmuş xurma, sitrus meyvələri - naringi, kivi, portağal eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor, badımcan, bibər və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuzdur.
Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada şəhər sakinləri Novruz bayramı ilə əlaqədar həvəslə bazarlıq edirdilər. Qazax və Ağsudan gəlmiş fermerlər onlara ucuz qiymətlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satırdılar. Burada satışa 15 tondan çox meyvə-tərəvəz, bostan məhsulları çıxarılmışdı.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağcabədi, Bərdə və Ağstafa fermerləri alıcılara ucuz qiymətlərə kələm, nar, fındıq, kartof, qoz, alma və digər məhsullar təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 22,5 ton məhsul gətirilmişdir. Bu dəfə də məhsulun 70 faizdən çoxu Xaçmaz fermerlərinin payına düşür.
Yarmarkada sakinlərə min bir naz-nemət, hər çeşiddə bahar təamları və hazır konservləşdirilmiş şirələr, mürəbbələr və s. təklif olunurdu. Alıcılar Novruz bayramı ilə bağlı daha çox şirə, ədviyyat, quru meyvə, qoz, badam, ləbləbi, şabalıd, fındıq, yumurta, diri toyuq, balıq alırdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
