Bakıda “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda konfrans keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda 3-cü Avrasiya konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, institutunun rektoru, professor Nazim Qasımov koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəmizdə aparılan mübarizə və onun səmərəli nəticələri, son vaxtlar yoluxmaların azalması, sağalanların sayının artması, ölüm hallarının qeydə alınmaması sahəsində əldə olunan uğurlar barədə məlumat verib. Professor qeyd edib ki, bunlar tam arxayınlaşmaq üçün əsas vermir və sayıqlıq itirilməməlidir. O, beynəlxalq konfransda COVID-19-un diaqnostikası, müalicəsi və fəsadları haqqında geniş müzakirələr aparılacağını, gələcəkdə görüləcək işlərin istiqamətləri müzakirə olunacağını bildirib.
Dövlət Himni səsləndiriləndən sonra “AMIR Technical Services” beynəlxalq şirkətinin direktoru, professor Vüqar Əliyev ölkəmizdə COVID-19 pandemiyasına qarşı aparılan tədbirlərin səmərəsindən bəhs edib.
İsrail Tibb Assosiasiyasının prezidenti Zion Xaqay və Qazaxıstanın Astana Tibb Universitetinin professoru Ayman Musin çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransda Milli Məclisinin deputatı İlham Məmmədov çıxış edərək bildirib ki, dövlət başçısının göstərişi əsasında yaradılmış qurumların koronavirus pandemiyası ilə apardıqları mübarizə tədbirlərinin nəticələri ölkəmizdə bu sahədə görülən iş və aparılan tədbirlərin vaxtında və düzgün olduğunu göstərdi.
Konfrans iştirakçıları Kazan Dövlət Tibb Universitetinin rektoru, professor Aleksey Sozinovun videomüraciətini dinləyiblər.
Moldova Dövlət Tibb və Əczaçılıq Universitetinin dosenti Suveika Luminiça COVID-19 pandemiyası ilə mübarizədə peyvəndləmənin əsas rol oynadığını qeyd edərək xəstəliyin müalicəsi üçün yeni dərman preparatlarının axtarışı haqqında məlumat verib.
COVID-19 pandemiyası ilə ölkəmizdə aparılan mübarizə tədbirlərinə həsr olunan videoçarx nümayiş edilib.
Konfransa dəvət olunmuş professor Yehuda Şoenfeld (İsrail), professor Munis Dündar (Türkiyə), professor Roza Beqaydarova (Qazaxıstan), dosent Təyyar Eyvazov (Azərbaycan), professor Albert Pinhasov (İsrail), professor Gülcan Abuova (Qazaxıstan) COVID-19 infeksiyasının diaqnostikası, müalicəsi və fəsadlarına həsr olunmuş elmi işlərin nəticələrini konfrans iştirakçılarına çatdırıblar.
Türkiyə, İsrail, Rusiya, Qazaxıstan, Gürcüstan və Azərbaycan alimləri pandemiya ilə mübarizənin müxtəlif aspektlərini əhatə edən elmi məruzələrlə çıxış ediblər.