BAKIDA MƏHKƏMƏ QƏRARLARININ İCRASI ÜZRƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Avropa İttifaqı TASİS Proqramının ölkəmizdə məhkəmə icraçıları xidmətinə dəstək üzrə həyata keçirilən xüsusi layihəsi çərçivəsində Azərbaycanın Ədliyyə Nazirliyi ilə birgə təşkil olunan bu tədbirdə Məhkəmə İcraçıları Beynəlxalq İttifaqının prezidenti Jak İsnard, Fransa Məhkəmə İcraçıları Milli Palatasının prezidenti Pol Roşard, Fransa Milli Prosedurlar Məktəbinin prezidenti, professor Abel Didye Pansard, Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədr müavini İrak Yelekeyev və digər xarici dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, hakimlər, məhkəmə icraçıları və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.
Konfransda Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılmış əsaslı demokratik islahatlar barədə məlumat vermiş, bu gün intibah dövrünü yaşayan dövlətimizin əldə etdiyi böyük uğurları konkret faktlarla diqqətə çatdırmışdır.
Məhkəmə-hüquq sahəsində aparılan islahatlara toxunan ədliyyə naziri, ölkəmizin başçısı İlham Əliyevin tapşırığı ilə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə Avropa Şurası ilə birgə görülən genişmiqyaslı işlərdən danışmış, ədalət mühakiməsinin səmərəliliyində, insan hüquqlarının real təmin olunmasında məhkəmə qərarlarının vaxtında və düzgün icrasının müstəsna əhəmiyyətini vurğulamışdır. O, son dövrlərdə məhkəmə icraçıları xidmətinə il ərzində daxil olan icra sənədlərinin sayının bir neçə dəfə artaraq 50 minə çatdığını qeyd etmiş, həyata keçirilmiş tədbirlər nəticəsində onların təxminən 90 faizə qədərinin icrasının təmin olunduğunu bildirmişdir. Müsbət hal kimi qeyd olunmuşdur ki, icra işlərinin sayının belə kəskin artması ölkəmizdə vətəndaşların məhkəmələrə inamının güclənməsi nəticəsində müraciətlərin, baxılan mülki və iqtisadi işlərin sayının 3 dəfə çoxalması, eyni zamanda, qaldırılan iddiaların böyük əksəriyyətinin təmin edilməsi ilə bağlıdır.
Bununla yanaşı, bu sahədə mövcud problemlərin və nöqsanların aradan qaldırılması üzrə görülən qəti, o cümlədən təşkilati tədbirlər barədə də məlumat verilmişdir.
Tədbirdə fəaliyyətin təkmilləşdirilməsi üçün qabaqcıl xarici təcrübənin öyrənilməsi zəruriliyi vurğulanaraq, bu mühüm işdə ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla davamlı əməkdaşlığı və Avropa Komissiyasının TACİS Proqramı çərçivəsində iki il ərzində həyata keçirilən layihənin xüsusi səmərəsi qeyd edilmişdir.
Məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarının peşəkarlıq səviyyəsinin artmasında, onların beynəlxalq təcrübəyə yiyələnməsində layihənin mühüm rolu olmuşdur. Bakıda və Azərbaycanın digər bölgələrində təlim kursları keçirilmiş, qabaqcıl Avropa ölkələrinə tədris səfərləri təşkil edilərək, mütərəqqi iş üsulları və müasir informasiya texnologiyaları ilə tanışlıq imkanları yaradılmışdır. Layihə çərçivəsində xidmətin bütün yerli qurumları kompyuter avadanlığı ilə təchiz edilmiş və elektron məlumat mərkəzinin yaradılmasına başlanmış, Avropa ekspertlərinin iştirakı ilə ölkəmizdə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi hazırlanmışdır.
İki gün davam edəcək konfransda Fransa, Belçika, Bolqarıstan, Rumıniya, Qazaxıstan və Gürcüstanın, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri çıxış edəcək, məhkəmə icrası mövzusunda dəyirmi masa keçiriləcək, məhkəmə icraçılarının statusu, ədalət mühakiməsində hakimlərin, vəkillərin və icra məmurlarının rolu və digər məsələlər ətrafında müzakirələr, geniş təcrübə mübadiləsi aparılacaqdır.