CƏMİYYƏT
Bakıda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əldə edilən məlumat əsasında keçirilən tədbir zamanı Cəlilabad rayon sakinləri - əvvəllər məhkum olunmuş, “Komissar Nazim” adı ilə tanınan narkotacir Nazim Qurbanov və Mirşahin Həsənov Nizami rayonunda sonuncunun idarə etdiyi “Lada Priora” markalı avtomobildə saxlanılıblar. Nazim Qurbanovun əlindəki bağlamaya baxış zamanı külli miqdarda narkotik vasitə - 7 kiloqram 50 qram tiryək, 1 kiloqram 5 qram heroin və 239,775 qram psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri əldə edəndən sonra satmaq məqsədilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.
Qeyd edək ki, avtomobili idarə edən Mirşahin Həsənov əldə etdikləri psixotrop maddələrdən 10,245 qram metamfetamini Nazim Qurbanovdan gizli onun bağlamasından oğurlayaraq sonradan satmaq məqsədilə özündə saxlayıb. Polislər tərəfindən avtomobilə baxış zamanı Mirşahin Həsənovun oğurladığı metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.