İQTİSADİYYAT
Bakı Enerji Həftəsi COP29-a böyük töhfə oldu - RƏY
![Bakı Enerji Həftəsi COP29-a böyük töhfə oldu - RƏY](/files/2024/2/1200x630/17175985431503014348_1200x630.jpeg)
Bakı, 5 iyun, Ramiz Quliyev, AZƏRTAC
Bakıda keçirilən Enerji Həftəsi olduqca mühüm iqtisadi hadisələrlə yadda qaldı və tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin nitqi müasir enerji siyasətinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyət kəsb edən mesajlarla zəngin oldu.
Bu barədə AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsinə qatılan müxtəlif ölkələrin nümayəndələrinin təmsil olunduğu tədbirlərdə səslənən fikirlər qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılandı.
Deputat qeyd edib ki, Bakı Enerji Həftəsində müxtəlif dövlətlərin hökumət üzvlərinin, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının üzvlərinin fikirləri də olduqca maraq doğurub.
O bildirib ki, tədbirlərdə Azərbaycanın uğurlu neft strategiyası, neft bumundan sonra Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığırın açılması, Bakı-Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin icrası, TANAP, TAP kəmərlərini reallaşdıran Cənub Qaz Dəhlizinin enerji koridoru kimi əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanın Mərkəzi Asiya-Xəzər regionunun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarının Qərbə nəqlində daşıyıcı missiyaya malik rolu yüksək dəyərləndirilib: “Digər əlamətdar hadisə isə Enerji Həftəsinin 2024-cü il Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a təsadüf etməsidir. Ölkəmizin mötəbər tədbirə hazırlaşdığı vaxt Bakı Enerji Həftəsinin keçirilməsi COP29-a böyük töhfə oldu”, - deyə A.Hüseynov vurğulayıb.