Xızıda Mikayıl Müşfiqin doğum günü qeyd olunub
Quba, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı olan Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 116 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında toplaşıblar.
Mikayıl Müşfiqin büstü ətrafında keçirilən tədbirdə şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.
Çıxış edənlər görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin artırılmasında əvəzsiz xəzinə olduğunu qeyd ediblər. Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndirib, yerli incəsənət nümayəndələri musiqilər ifa ediblər.