CƏMİYYƏT
Bakıda NERAS-ın birinci beynəlxalq konqresi keçirilir
![Bakıda NERAS-ın birinci beynəlxalq konqresi keçirilir](/files/2014/2/1200x630/14087122045820644343_1200x630.jpg)
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Yaxın Avrasiya və Afrika Qulaq Burun Boğaz Cəmiyyətinin (NERAS) birinci beynəlxalq konqresi öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, konqresin əsas məqsədi ölkəmizdə otorinolarinqologiyanın inkişafına töhfə vermək və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Konqresin işini açan institutun rektoru Nazim Qasımov respublikamızda son illər baş verən sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini diqqətə çatdırmış, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, konqresin yüksək ixtisaslı həkimlərin hazırlanması baxımından böyük əhəmiyyəti vardır.
Son illər ölkəmizdə otorinolarinqologiya elminin ciddi inkişaf yolunda olduğunu bildirən rektor demişdir ki, 2011-ci ildə Azərbaycan otorinolarinqoloqlarının ortaq cəmiyyət qurulması təklifi müsbət qarşılanmış və mərkəzi Ankarada yerləşməklə Yaxın Avrasiya və Afrika Qulaq Burun Boğaz Cəmiyyəti qurulmuşdur. Nazim Qasımov qeyd etmişdir ki, cəmiyyətinin ilk konqresinin Bakıda keçirilməsi ölkəmizin artan reytinqi, iqtisadi və elmi-texniki potensialının yüksək səviyyəsi ilə bağlıdır.
Qeyd edilmişdir ki, konqresin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunması da xüsusi məna kəsb edir. Bu, həkmilərimizin təkmilləşdirilməsi prosesinə yeni baxışdır. Bundan əlavə, ali tibb kadrlarının bilik və bacarıqlrının artırılmasına, son nəticədə isə xalqımıza göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və dünya standartları səviyyəsinə çatmasına yardım edir.
Sonra Yaxın Avrasiya və Afrika Qulaq Burun Boğaz Cəmiyyətinin həmsədrləri, professorlar Metin Önerçi və Nazim Hüseynov çıxış edərək konqresin Azərbaycanda çalışan həkim- otorinolarinqoloqların elmi səviyyələrinin və təcrübi vərdişlərinin artırılmasında böyük rol oyanayacağına əminliklərini bildirmişlər.
Daha sonra konqres panel iclaslarında işini davam etdirmişdir. Panel iclaslarında Türkiyənin mütəxəssisləri ilə yanaşı, yerli mütəxəssislərin də məruzələri dinlənilmiş və müzakirələr aparılmışdır.
İyunun 7-də isə “Uşaqlarda qulaq-burun-boğaz problemlərinə yeni baxış”, “Səs xəstəliklərinin diaqnostika və müalicəsində yeni üsullar və endoskopiyanın yeri”, “Eşitmə problemləri” və “Rinoplastika mövzularında diskussiyalar aparılacaqdır.