Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi rəhbərliyinin növbəti toplantısı keçirilmişdir
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin VI Beynəlxalq toplantısı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Ahmed Nasem Şah, Nazim İbrahimov və Elmar Vəliyev iştirak etmişlər.
Toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinlənilmiş, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, eləcə də Nizamin Gəncəvi irsinin təbliği, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmayıl Serageldinin hazırladığı Akademik proqram layihəsi müzakirə edilmişdir. Toplantı iştirakçıları, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş barədə təəssüratlarını bölüşmüşlər.
İclası giriş sözü ilə açan NGBM-in həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın keçmiş Prezidenti Vayra Vike-Frayberqa Mərkəzin yaradıldığı 2 il ərzində görülmüş işlərdən danışmış, həyata keçiriləcək tədbirlər planının hazırlanmasının vacibliyini, Nizami Gəncəvi irsinin mümkün imkanlar daxilində müxtəlif dillərə tərcümə edilərək təbliğ olunmasının zəruriliyini bildirmişdir. Vayra Vike-Frayberqa bu məsələdə Prezident İlham Əliyevin diqqət və qayğısının onları ilhamlandırdığını xüsusi vurğulamış və dövlətimizin başçısı ilə görüşdə müzakirə olunmuş məsələlərdən bəhs etmişdir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Nizami Gəncəvi Mərkəzinin əməkdaşlıq etdiyi təşkilatlarla əlaqələrini gələcəkdə də davam etdirməsinin tərəfdarı olduğunu bildirmişdir.
NGBM-nin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov toplantı iştirakçılarını yenidən Bakıda görməkdən məmnun olduğunu bildirmiş və Mərkəzlə bağlı ideyalar irəli sürərək onların qısa müddətdə reallaşmasında böyük rol oynayan təşkilatın həmsədrləri V.Frayberqaya və İ.Serageldinə təşəkkür etmişdir. N.İbrahimov V.Frayqberqanın fikirlərini dəstəkləyərək Prezident İlham Əliyevin diqqətinin daim mərkəzin üzərində olmasının təşkilatın üzvlərini ruhlandırdığını bildirmişdir.
NGBM-nin İdarə Heyətinin üzvü, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə ötən müddət ərzində Gəncədə Prezident İlham Əliyevin iştirakı ilə Nizami Muzeyinin açılmasından bəhs etmişdir. O, Mərkəzin şəhərdə inşa edilən binasının tikintisinin gələn ilədək yekunlaşdırılacağını, növbəti toplantının orada keçiriləcəyinə ümid etdiyini demişdir.
Daha sonra NGBM-nin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Akademik proqram layihəsini təqdim etmişdir. Proqramda kadr, büdcə, fəaliyyət planı, İdarə Heyətinin alt komitələrinin yaradılması, növbəti 3 il üçün öhdəliklərin həyata keçirilməsi, Nizami irsinin təbliği, Mərkəzin işinin keyfiyyətinə zəmanət verməsi məqsədilə Akademik Şuranın yaradılması, eləcə də NGBM üçün internet saytın yaradılması kimi müddəalar əks olunmuşdur.
Müzakirələr zamanı Nizami Gəncəvi yaradıcılığının orta və ali məktəblərdə tədrisinin, Nizami irsinin bütün dünyada, eləcə də Qərbdə təbliğinin, dahi şairin əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının zəruriliyi vurğulanmışdır. Toplantıda İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələləri də müzakirə edilmişdir.
Proqramın müzakirəsinin növbəti toplantılar zamanı davam etdirilməsi qərara alınmışdır.