Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
Bakı, 15 avqust, AZƏRTAC
İsti yay günlərində paytaxtın sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu gün paytaxtda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hər dəfə olduğu kimi, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub.
“İməcilik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş istifadə edilir və heç bir təhlükəsi yoxdur. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, köşk və dayanacaqlar yuyulub“, - deyə məlumatda bildirilib.
Həmçinin diqqətə çatdırılıb ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, qurumuş budaqlar budanıb, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Eyni zamanda, park, prospekt və küçə kənarlarında şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayan rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Eyni zamanda, vurğulanıb ki, iməciliklə yanaşı, həm də paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19:00-dan sakinlərin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında açıq hava konsertləri keçiriləcək.
“Axşam konsertlərinin keçirilməsinə keçən həftədən start verilib və bu konsertlər yayın sonuna kimi davam edəcək“, - deyə məlumatda qeyd olunub.