Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər
Astana, 15 avqust, AZƏRTAC
Kostanayda (Qazaxıstan) Qaziz Baytasov adına gənc yol hərəkəti müfəttişləri dəstələrinin XXI respublika toplantısının təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC “Polisia.kz” saytına istinadla xəbər verir ki, bu il toplantıda Qazaxıstanın müxtəlif regionlarından 20, MDB ölkələrindən 6 komanda iştirak edir.
Kostanay vilayəti Polis Departamentinin mətbuat xidməti məlumat verib ki, xarici iştirakçılar arasında Azərbaycan komandası da var. Azərbaycan nümayəndə heyətinin tərkibində Daxili İşlər Nazirliyinin nümayəndələri, gənc yol hərəkəti müfəttişləri və onların valideynləri yer alıblar. Tədbirin əsas məqsədi uşaqlarda yollarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, onların hüquqi savadlılığının artırılması və vətəndaş məsuliyyətinin inkişaf etdirilməsidir.
Toplantı çərçivəsində, həmçinin uşaqların yollarda təhlükəsizliyinə və yetkinlik yaşına çatmayanların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin profilaktikasına həsr olunmuş elmi-praktik konfrans keçirilib.