İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB
İmişli, 15 avqust, AZƏRTAC
İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlara qapalı kəllə-beyin travması, sol gözün hematoması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, cızılmış yaraları, qarının küt travması diaqnozları təyin olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən 1984-cü il təvəllüdlü pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib. Vəziyyəti ağır qiymətləndirilən 1951-ci il təvəllüdlü pasiyent aparılan reanimasya tədbirlərinə cavab verməyib və avqustun 15-i saat 00:50 radələrində onun bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
12:13
İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Xubyarlı kəndi ərazisindən keçən hissəsində Tural Xəlilovun idarə etdiyi "VAZ" markalı avtomobil digər nəqliyyat vasitəsinə dəyərək idarəetməni itirib və yoldan çıxıb.
Hadisə nəticəsində "VAZ"ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Aydın Yavərzadə